Ceyhun Bayramov Nyu Yorkda bir sıra görüşlər keçirdi – FOTOLAR

Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Hanke Braun Slot ilə görüşüb, həmkarını Yevlaxdakı görüş barədə məlumatlandırıb.

Bu barədə Globalinfo.az-a Azərbaycanın Xarici İşlər Nazirliyindən məlumat verilib.

C.Bayramov həmkarını Ermənistanın 30 ilə yaxın müddətdə ərazilərimizin işğalı, 44 günlük Vətən müharibəsindən sonra Emənistanın Azərbaycanın Qarabağ bölgəsində qurduğu rejimin qanunsuz mövcudluğundan irəli gələn regional risklər və təhdidlər, Ermənistanın sülh prosesinə xələl gətirən addımları barədə ətraflı məlumat verib.

C.Bayramov bölgədə lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillərdən söz açaraq qondarma rejimin son təxribatları, terror hücumları barədə həmkarını ətraflı məlumatlandırıb, ölkəmizin suveren ərazisi daxilində növbəti hərbi təxribatların və terror aktlarının qarşısının alınması məqsədilə Azərbaycan silahlı qüvvələri tərəfindən həyata keçirilən tədbirlərin beynəlxalq hüquq, o cümlədən beynəlxalq humanitar hüquq normalarına tam uyğun olduğunu vurğulayıb.

Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin öhdəliklərə zidd olaraq bölgədə qanunsuz mövcudluğunu davam etdirməsinin davamlı sülhə ciddi əngəl olması səbəbindən onların Azərbaycan ərazisindən qeyd-şərtsiz və tamamilə çıxarılmasının, qondarma rejimin buraxılmasının labüd olduğu, hərbi təxribatların və törətdilmiş terror aktlarının qətiyyətlə pislənməsinin, Ermənistan daxilində separatist və revanşist qüvvələrin cəsarətləndirilməsinə yönəlik bəyanatların verilməməsinin zəruri olduğu nazir tərəfindən vurğulanıb.

Görüşdə, həmçinin 20 sentyabr tarixində Qarabağın erməni sakinlərinin nümayəndələrinin Rusiya sülhməramlı kontingenti vasitəsilə müraciəti nəticəsində lokal xarakterli antiterror tədbirlərinin dayandırıldığı, 21 sentyabr tarixində Azərbaycanın Yevlax şəhərində reinteqrasiya məsələlərini müzakirəsi məqsədilə görüş keçirildiyi diqqətə çatdırılıb, bu addımların Azərbaycan Ermənistan arasında normallaşma gündəliyi üzrə maneənin aradan qalxmasına töhfə verəcəyi diqqətə çatdırılıb.

Daha sonra Azərbaycanla Niderland arasında qarşılıqlı maraq kəsb edən digər mövzular üzrə fikir mübadilələri aparılıb.

***

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ Prezidenti Cozef Bayden tərəfindən təşkil edilən qəbulda iştirak edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” səhifəsində paylaşım edilib.

Qəbul çərçivəsində nazir ABŞ Prezidenti Cozef Baydenlə görüşüb.

***

Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibəti mövcuddur.

Azərbaycanın Xarici İşlər Nazirliyindən Globalinfo.az-a verilən məlumata görə, bunu Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirak məqsədilə Nyu-York şəhərinə işgüzar səfəri çərçivəsində Yəhudi Təşkilatlarının Koalisiyasının (YTK) nümayəndələri ilə görüşündə deyib.

Görüş zamanı, ABŞ-da yerləşən yəhudi təşkilatları ilə əməkdaşlığın mövcud vəziyyəti, perspektivləri və yeni əməkdaşlıq imkanları, eləcə də bölgəmizdə cari vəziyyət müzakirə olunub.

C.Bayramov Azərbaycanın bütün dünyadakı yəhudi icmaları ilə ənənəvi dostluq münasibətinin mövcudluğunu vurğulayaraq, ölkəmizin bu əlaqələrin daha da gücləndirilməsi və yeni əməkdaşlıq layihələrinin həyata keçirilməsində maraqlı olduğunu vurğulayıb. Eyni zamanda, Azərbaycanın Amerika yəhudi təşkilatları ilə əlaqələrinin yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub və Azərbaycan yəhudi icmasının illər boyu ölkəmizdə sülh şəraitində dinc yanaşı yaşadığı və yaxından cəmiyyətimizə inteqrasiya olunduğu qeyd edilib.

Nazir, həmçinin Azərbaycanda tolerantlıq və multikulturalizmin tarixən mövcud olduğunu, müxtəlif konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində ölkəmizdə dinc yanaşı yaşadığını, çox sayda sinaqoq, məktəb, mədəniyyət mərkəzinin fəaliyyət göstərdiyini və konfessional rəngarəngliyin ölkəmizin sosial həyatında xüsusi yer tutduğunu qeyd edib.

C.Bayramov YTK-nın nümayəndələrini regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal antiterror tədbirləri barədə məlumatlandırıb və bunları şərtləndirən amilləri diqqətə çatdıraraq, YTK-nın regionumuzdakı həqiqətlərin Amerika ictimaiyyətinə çatdırılmasındakı rolunu vurğulayıb.

Görüşdə tərəflər, həmçinin Azərbaycan-ABŞ münasibətlərinin inkişafı perspektivləri, qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

X X X

20 sentyabr 2023-cü il tarixində BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil ilə görüşüb.

XİN-dən Globalinfo.az-a bildirilib ki, görüş zamanı, İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasından irəli gələn məsələlər, ətraf mühitin qorunması sahəsində mümkün əməkdaşlıq perspektivləri, ölkəmizin konvensiya çərçivəsində təşəbbüsləri müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycan tərəfindən ətraf mühitin qorunması və bərpası sahəsində təsdiqlənmiş bir sıra dövlət proqramlarının icrası istiqamətində ölkəmizin BMT-nin bir sıra qurumları ilə aktiv əməkdaşlıq etdiyini diqqətə çatdırıb.

Ölkəmizin bu sahədə ənənəvi enerji mənbələrindən alternativ enerjiyə keçid istiqamətində irəli sürdüyü təşəbbüslərdən bəhs edən nazir Ceyhun Bayramov, bu xüsusda, ötən il Azərbaycan və Avropa İttifaqı arasında imzalanmış Anlaşma Memorandumunun özündə bərpaolunan enerji istehsalında əməkdaşlığı nəzərdə tutmasının bu sahənin təşviqində mühüm rol oynadığını diqqətə çatdırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi ilə görüşüb

X X X

20 sentyabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Serbiya Respublikasının Baş nazirinin birinci müavini, xarici işlər naziri İvitsa Daçiç ilə görüşüb.

XİN-dən Globalinfo.az-a bildirilib ki, görüşdə iki ölkə arasında mövcud strateji tərəfdaşlıqdan irəli gələn məsələlər, xüsusilə imvestisiyalar, iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, habelə bölgədəki son vəziyyət ətrafında müzakirələr aparılıb, ölkəmizin Qarabağ regionunda lokal antiterror əməliyyatını şərtləndirən səbəblərdən bəhs olunub.

Nazir Ceyhun Bayramov bu gün bölgədə artan gərginliyin əsas səbəbinin Azərbaycanın cəlb olunmuş beynəlxalq tərəfdaşlar vasitəsilə həyata keçirdiyi bütün səylərinə baxmayaraq, Ermənistan və onun Azərbaycanın suveren ərazilərində qurduğu qondarma rejimin sülh və normallaşma prosesinə xələl gətirən israrla davam etdirdiyi təhrikçi və təxribatçı əməllərinin olduğunu bildirib.

19 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Xocavənd rayonu ərazisində mina terroru nəticəsində mülki şəxslərin və Daxili İşlər Nazirliyinin əməkdaşlarının həlak olduğu, Erməni silahlı qüvvələrinin bu kimi təxribatlarla kifayətlənməyərək bölgədə vəziyyəti daha da gərginləşdirmək, terrorçuluqla məşğul olmaq məqsədilə döyüş mövqelərini daha da gücləndirdiyi, bölmələrini yüksək döyüş hazırlığı səviyyəsinə gətirdiyi qarşı tərəfin diqqətinə çatdırılıb.

Nazir Ceyhun Bayramov silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığını, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək, Üçtərəfli bəyanatın müddəalarının icrasını təmin etmək, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarmaq məqsədi daşıdığını qeyd edib.

Mülki əhalinin heç bir halda hədəf alınmadığını vurğulayan nazir onların hərbi obyektlərdən kənar durmasına, Ermənistan silahlı qüvvələrinin birləşmələrinə dəstək verməməsinə dair çağırışlar edildiyini, əhalinin Azərbaycan Respublikasının qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsinin təşkil olunduğunu diqqətə çatdırıb.

Beynəlxalq tərəfdaşlar tərəfindən Azərbaycanın suveren ərazilərindən erməni silahlı qüvvələrinin çıxarılmasına çağırış edilməsinin, qeyri-qanuni rejimin buraxılmasına vurğu edilməsinin, bölgədə sülh və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistanın və onun yaratdığı qondarma rejimin hərbi təxribatlarının və terror aktlarının qətiyyətlə pislənməsinin və onların qarşısı alınmasının vacibliyi vurğulanıb.

Görüş zamanı, tərəflər qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə dəstək ifadə ediblər.

Görüşdə həmçinin qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov serbiyalı həmkarını antiterror tədbirləri barədə məlumatlandırıb

X X X

20 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Körfəz Əməkdaşlıq Şurasının baş katibi Casim Əl-Budeyvi ilə görüş keçirib.

XİN-dən Globalinfo.az-a bildirilib ki, görüşdə Azərbaycan və Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasına üzv ölkələr arasında siyasi, iqtisadi, ticarət, mədəni və digər sahələrdə əlaqələrin yüksək səviyyədə oldugu, qarşılıqlı hörmət və dostluğa əsaslandığı qeyd edilib.

Azərbaycan-Körfəz Əməkdaşlıq Şurası biznes forumlarının bu əlaqələrin daha da inkişafına öz müsbət töhfəsini verdiyi vurğulanıb.

Nazir regionda baş verən son proseslər barədə qarşı tərəfə ətraflı məlumat verib, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı artan təxribatlarının, öhdəliklərə zidd olaraq bölgədə mövcudluğunu davam etdirməsinin regional sülh və sabitlik üçün ciddi təhlükə olduğunu vurğulayıb və həyata keçirilən anti-terror əməliyyatının əsas məqsədinin də məhz bu qanunsuz erməni silahlı qüvvələrinin tərksilah edilməsi və qanunsuz rejimin buraxılması olduğunu diqqətə çatdırıb.

Baş katib Azərbaycanın ərazi bürövlüyünün Körfəz Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası tərəfindən hər zaman birmənalı və tam şəkildə dəstəkləndiyini qeyd edib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Körfəz Əməkdaşlıq Şurasının baş katibi ilə görüşüb

X X X

Xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş Assambleyasının 78-ci sessiyasının açılışında iştirak məqsədilə Nyu York şəhərinə işgüzar səfəri çərçivəsində Finlandiyanın xarici və Avropa işləri naziri Elina Valtonen arasında görüş keçirilib.

XİN-dən Globalinfo.az-a bildirilib ki, görüş zamanı, nazir Ceyhun Bayramov tərəf müqabilini Ermənistanın ərazilərimizin 30 illik işğalı, Azərbaycan tərəfindən post-münaqişə dövründə Ermənistan ilə ikitərəfli münasibətlərin normallaşması və azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərinin aparılması istiqamətində atılan ardıcıl addımlar haqqında məlumatlandırılıb.

Nazir eyni zamanda Finlandiyalı həmkarını regiondakı son vəziyyət və Azərbaycan tərəfindən başladılan lokal anti-terror əməliyyatı barəsində məlumatlandırıb və bu əməliyyatı şərtləndirən amilləri diqqətə çatdırıb.

Nazir C.Bayramov vurğulayıb ki, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın dördüncü paraqrafını kobud şəkildə pozmaqla Ermənistanın öz silahlı qüvvələrini Azərbaycan ərazisindən tam çıxarmamasının, bütün mümkün siyasi, hərbi, maliyyə və ideoloji vasitələrlə Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə qarşı seperatçılığı dəstəkləməkdə və təşviq etməkdə davam etməsinin regionda gərginliyin əsas səbəbi olduğunu bildirib.

Ermənistan və onun tərəfindən Azərbaycanın suveren ərazilərində yaradılmış qanunsuz rejim tərəfindən son günlər ərzində hərbi təxribatların xüsusilə intensivləşdiyi, hərbi-quruculuq işlərinin geniş miqyas aldığı və döyüş mövqelərinin davamlı şəkildə gücləndirilməsinin müşahidə edildiyini, bütün bunların Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş erməni silahlı birləşmələri tərəfindən növbəti dəfə iri miqyaslı hərbi təxribata hazırlıq gördüyünə dəlalət etdiyi qeyd edilib.

Son olaraq, 18 sentyabr tarixində qanunsuz erməni hərbi birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən basdırılmış minaların partlaması nəticəsində aralarında ərazidə xidmət aparan Daxili İşlər Nazirliyinin əməkdaşları, habelə bərpa işlərinə cəlb edilmiş mülki şəxslərin olduğu 6 nəfərin həlak olduğu və 6 nəfərin isə ciddi xəsarət aldığı vurğulanıb.

Silahlı qüvvələr tərəfindən həyata keçirilən lokal anti-terror əməliyyatının müstəsna olaraq legitim hərbi hədəflərə qarşı aparıldığı, Ermənistanın qanunsuz hərbi infrastrukturunu zərərsizləşdirmək məqsədi güddüyü qeyd edilib.

Nazir C.Bayramov vurğulayıb ki, əməliyyat gedişində mülki şəxslərin və mülki infrastruktura zərər dəyməməsi üçün bütün tədbirlər görülüb.

Nazir anti-terror əməliyyatları nəticəsində erməni silahlı qüvvələrinin ərazilərimizdən çıxarılması tədbirlərinin və erməni sakinlərin Azərbaycanın konstitusyon quruluşu çərçivəsində reinteqrasiyası tədbirlərinin Ermənistanla sülh prosesinə də müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Azərbaycan tərəfi dəfələrlə bəyan etdiyi kimi, Qarabağ İqtisadi rayonunun erməni sakinlərinin bütün hüquq və azadlıqlarının, onların təhlükəsizliyinin Azərbaycan Respublikasının Konstitusiyası və tərəfdar çıxdığı beynəlxalq insan hüquqları mexanizmləri əsasında təmin etməkdə qətiyyətlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər beynəlxalq və regional məsələlər ətrafında fikir müdadiləsi aparılıb.

Ceyhun Bayramov Finlandiyanın xarici və Avropa işləri naziri ilə görüşüb

X X X

20 sentyabr 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Nyu Yorkda BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsində iştirakı çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri Faysal bin Farhan Al Saud ilə görüş keçirib.

XİN-dən Globalinfo.az-a bildirilib ki, görüş zamanı tərəflər siyasi, iqtisadi, enerji təhlükəsizliyi, humanitar və ikitərəfli əməkdaşlığın gündəliyində duran bir sıra digər məsələlər ilə bağlı fikir mübadiləsi aparıblar və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Nazir Ceyhun Bayramov regionda baş verən son proseslər ilə bağlı məlumat verərək, 44 günlük Vətən müharibəsindən sonra Ermənistanın öhdəliklərinə zidd olaraq erməni silahlı qüvvələrini ölkəmizin ərazisindən çıxarmamasının bölgədə sülh və təhlükəsizliyə əsas təhdid olduğunu bildirib.

Sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda qondarma rejimin nümayəndələrinin bir sıra genişmiqyaslı hərbi təxribatlara və terror hücumlarına əl atdığı və bu təxribatların qarşısının alınması, habelə Üçtərəfli bəyanatın müddəalarının icrasının təmin olunması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının ərazilərimizdən çıxarılması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb.

Görülən tədbirlərin hədəfinin müstəsna olaraq regionda bölgədə sülh və təhlükəsizliyə əsas təhdid mənbəyi olan qanunsuz hərbi birləşmələr və hərbi infrastrukturlar olduğu diqqətə çatdırılıb.

Görüşdə tərəflər həmçinin qarşılqlı maraq kəsb edən digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Ceyhun Bayramov Səudiyyə Ərəbistanı xarici işlər nazirini antiterror tədbirləri barədə məlumatlandırıb