Ceyhun Bayramov mühüm görüşlər keçirdi – FOTO

Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin (MDB) baş katibinin birinci müavini Leonid Anfimovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və MDB arasında əməkdaşlıq gündəliyi, habelə seçkilərdən irəli gələn məsələlər müzakirə olunub.

Nazir Azərbaycanda suverenliyin bərpasından sonra 1 sentyabr tarixində keçirilən ilk Parlament seçkilərinin vacib tarixi-siyasi hadisə olduğunu vurğulayaraq, seçkilərin azad, ədalətli və şəffaf keçirilməsi üçün görülən tədbirlər, o cümlədən bu prosesdə beynəlxalq müşahidəçilərin iştirakı ilə bağlı atılan addımlar barədə məlumat verib.

MDB Baş katibinin birinci müavini Leonid Anfimov Prezident seçkilərində olduğu kimi, bu Parlament seçkilərinin Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb etdiyini, Azərbaycan qanunvericiliyi və beynəlxalq öhdəliklərə uyğun təşkil olunmuş seçkilərin azad və şəffaf şəkildə təşkil olunduğunu bildirib. Seçkilər ilə əlaqədar MDB müşahidə missiyasının fəaliyyəti haqqında məlumat verən nümayəndə, Parlament seçkilərinin təşkilatın Azərbaycanda müşahidə etdiyi sayca 12-ci seçki olduğunu diqqətə çatdırıb. Ümumilikdə 133 nəfərdən ibarət MDB missiyasının sayca ikinci ən böyük missiya olduğunu, burada təmsil olunmuş çoxsaylı müşahidəçilərin bütün ölkə ərazisində, eləcə də işğaldan azad olunmuş ərazilərdə seçkilərin uğurla təşkil edildiyinin şahidi olduqlarını vurğulayıb və buna görə ölkəmizə təbriklərini çatdırıb.

Görüşdə həmçinin tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

***

Sentyabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Milli Məclisin növbədənkənar seçkilərini müşahidə etmək üçün ölkəmizdə səfərdə olan Malayziya Senatının sədrinin müavini Nur Cazlan Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

XİN-dən Globalinfo.az-a verilən məlumata görə, görüş zamanı, Azərbaycan-Malayziya ikitərəfli və çoxtərəfli əlaqələri, cari ilin 1 sentyabr tarixində Milli Məclisə növbədənkənar seçkilər prosesi və nəticələri, habelə regional məsələlər müzakirə olunub.

Nazir bu ilin əvvəlində keçirilmiş Prezident seçkiləri kimi, Parlament seçkilərinin də azad, ədalətli və şəffaf keçirilməsi üçün ardıcıl, sistemli və intensiv şəkildə atılan addımlar, eləcə də beynəlxalq müşahidəçilərin seçkilərdə iştirakı ilə bağlı tədbirlər barədə qarşı tərəfə məlumat verib.

Prezident seçkilərindən sonra parlament seçkilərinin də ilk dəfə olaraq Azərbaycanın işğaldan azad edilmiş ərazilərini əhatə etməsinin tarixi bir məqam olduğu vurğulanıb. Seçkilərin qanunvericiliyin tələbləri əsasında, beynəlxalq standartlara tam cavab verən, yüksək səviyyədə təşkili üçün müvafiq şəraitin yaradıldığı qeyd olunub.

Görüşdə Azərbaycan və Malayziya arasında əməkdaşlıq məsələləri, ikitərəfli əlaqələrin, o cümlədən turizm və təhsil sahəsində birgə səylərin inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirilib. Ötən ilin iyul ayında Xarici İşlər Nazirlikləri arasında Kuala Lumpurda keçirilmiş siyasi məsləhətləşmələrin davamı olaraq, yaxın vaxtlarda növbəti məsləhətləşmələrin Bakıda keçiriləcəyi bildirib. İki ölkə arasında müxtəlif regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həyata keçirilən uğurlu əməkdaşlıq təcrübəsi qeyd edilib.

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.