Ceyhun Bayramov Kazanda braziliyalı həmkarı ilə görüşdü

1000035762

23 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının Kazan şəhərində keçirilən BRICS Zirvəsi çərçivəsində Braziliya Federativ Respublikasının xarici işlər naziri Mauro Vieira ilə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan və Braziliya arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq istiqamətləri, habelə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işlərindən irəli gələn məsələlər müzakirə olunub.

İki ölkə arasında mövcud siyasi dialoqun daha da inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səfər və təmasların artırılmasının əhəmiyyəti qeyd olunub.

Ölkələrimiz arasında keçirilən siyasi məsləhətləşmələrin əməkdaşlıq imkanlarının müzakirəsi baxımından faydalı olduğu diqqətə çatdırılıb.

Azərbaycan və Braziliya arasında mövcud ticarət dövriyyəsinin əməkdaşlığın daha da dərinləşdirilməsi üzrə prioritetlərə uyğun olmadığı, bu xüsusda iqtisadi-ticarət əlaqələrinin inkişafı istiqamətində mövcud imkanlardan istifadə olunmasının vacibliyi qeyd edilib.

COP29 çərçivəsində aparılan danışıqlar prosesi, irəli sürülən sədrlik təşəbbüsləri və prioritetləri, habelə hazırlıq işlərinin vəziyyəti barədə ətraflı məlumat verən nazir Ceyhun Bayramov COP sədrliklərinin Üçlüyü (“Troika”) formatında əməkdaşlığın prosesin davamlılığının təmin olunması istiqamətində əhəmiyyətini vurğulayıb. COP29 sədrliyimizin əsas prioritetlərindən biri olan iqlim dəyişikliyi ilə mübarizəyə maliyyə vəsaitlərinin cəlbi istiqamətində əhəmiyyətli tərəqqinin əldə olunmasına dair ümidvarlıq ifadə edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.