Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə yeni təyin olunmuş Seyid Abbas Araqçı arasında telefon danışığı baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Telefon danışığı zamanı Azərbaycan və İran arasında mövcud ikitərəfli əməkdaşlıq gündəliyi, habelə regional məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ilk növbədə həmkarını İran İslam Respublikasının xarici işlər naziri vəzifəsinə təyinatı münasibətilə təbrik edib, ona fəaliyyətində müvəffəqiyyətlər arzu edib, həmçinin nazir Seyid Abbas Araqçını ölkəmizə səfərə dəvət edib.
Tərəflər Azərbaycan və İran arasında bir sıra, o cümlədən iqtisadiyyat, ticarət, nəqliyyat və kommunikasiyalar sahələri üzrə birgə layihələrin icrası istiqamətində əməkdaşlığın daha da gücləndirilməsinə dair razılıq ifadə ediblər. Bu istiqamətdə, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının işinin əhəmiyyəti diqqətə çatdırılıb.
Nazir Seyid Abbas Araqçı təyinatı münasibətilə təbrik və arzularına görə həmkarına öz minnətdarlığını bildirib. Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinin işinin bərpa olunmasından məmnun olduğunu qeyd edib.
Telefon danışığı zamanı həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iki ölkə arasında əməkdaşlıq əlaqələrinin daha da inkişafı istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.
***
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İran İslam Respublikasının xarici işlər naziri Abbas Araqçi arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə İran XİN-in mətbuat xidməti məlumat yayıb.
Ceyhun Bayramov iranlı həmkarını yeni vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.
Azərbaycan XİN başçısı İran İslam Respublikası ilə dostluq və mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək istəyinə toxunub, yeni dövrdə Tehran və Bakı arasında əməkdaşlığın daha da genişlənəcəyinə ümidvar olduğunu bildirib.
Araqçi azərbaycanlı həmkarına təşəkkür edib, Azərbaycan Respublikası ilə qarşılıqlı faydaya əsaslanan dostluq əlaqələrinin inkişaf etdirilməsini İran İslam Respublikasının xarici siyasətinin prioritetlərindən biri adlandırıb.
Tərəflər həmçinin regionda baş verən hadisələri, eləcə də bəzi beynəlxalq məsələlərin araşdırılmasını müzakirə ediblər.
Nazirlər qarşılıqlı olaraq bir-birini paytaxtlara səfərə dəvət edib.