Cermuxda hücum səfərbərliyi – “Erməni generallar oranı tutmaq istəyirlər…”

“Ermənistan Fransanın təhriki ilə Cermux istiqamətində Azərbaycan hərbçilərinin mövqelərinə hücum etsə, bunun İrəvan üçün ağır nəticələri olacaq”.

Bu sözləri Globalinfo.az-a politoloq Elxan Şahinoğlu son vaxtlar regionda yeni eskalasiya ehtimalı barədə yerli və beynəlxalq mediada yayılan xəbərlərlə bağlı deyib.

Onun sözlərinə görə, Ermənistanın təxribat planı varsa, dostları ilə birgə Azərbaycana qarşı dezinformasiya mexanizmini işə salacaq:

Lakin bunun nəticəsi olmayacaq:

Birincisi, Azərbaycan Ordusu Cermux istiqamətində yüksəkliklərin qarşı tərəfin nəzarətinə keçməməsi üçün dağıdıcı zərbələr endirəcək, pilotsuz uçuş aparatları yenidən işə düşəcək.

İkincisi, 8 kəndimizlə bağlı danışıqları davam etdirməyə ehtiyac qalmayacaq, Ordumuzun həmin kəndlərə daxil olacaq.

Üçüncüsü, Ermənistanın Qərbi Zəngəzuru itirmək təhlükəsi artacaq.

Yəni təxribat günü xəbər yayacaqlar ki, guya birinci atəşi açan Azərbaycan hərbçiləri olub və erməni hərbçiləri bu səbəbdən “ərazilərini” geri qaytarmağa çalışıblar. Bu dezinformasiya Ermənistana və onun havadarlarına ona görə lazım olacaq ki, beynəlxalq aləmdə Azərbaycana qarşı sanksiya tətbiqini həyata keçirə bilsinlər. Strateji yüksəkliklərin geri qaytarılması Ermənistan üçün həyati əhəmiyyət daşıyır.

Elxan Şahinoğlu

Çünki Azərbaycan Ordusu həmin yüksəkliklərdən Ermənistanın şəhərlərinə, hava limanlarına və yollarına nəzarət edir. Bu, Ermənistan hökumətini və generallarını ciddi narahat edir. Onlar bu haqda açıq danışmasalar da, bilirlər ki, Azərbaycan danışıqlar yolu ilə həmin yüksəklikləri geri qaytarmayacaq. Baş nazir Nikol Paşinyan buna görə sülh sazişinin imzalanmasını yubadır.

Çünki sülh sazişi də həmin yüksəkliklərin Ermənistana təhvil verilməsini təmin etməyəcək. Ancaq Nikol Paşinyan onu da anlamalıdır ki, yüksəklikləri geri qaytarmaq avantürası ona və ölkəsinə baha başa gələcək. Paris və Azərbaycana qarşı mümkün sanksiyalar onu xilas edə bilməyəcək”.

Turan Rzayev
Globalinfo.az