Cərimələrin bu qədər yüksək olması doğru deyil – Deputat

“Minimum əməkhaqqının 345 manat olduğu ölkədə, cərimənin bu qədər çox artırılması doğru deyil”.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev bu gün keçirilən plenar iclasda deyib.

Deputat qeyd edib ki, inzibati tənbehin məqsədləri ilə cəza anlayışı və məqsədləri fərqlidir:

“İnzibati tənbehdə məqsəd tərbiyələndirmə, cəzanın məqsədi isə cinayət törədən həmin şəxs üçün məhrumiyyətlərin yaradılmasıdır. Azərbaycanda minimum əməkhaqqının miqdarı 345 manatdır. Bu ölkədə cəza üçün cərimənin məbləği birdən – birə 40 manatda, 150 və ya 200 manata qaldırılırsa, burada tərbiyədən söhbət getmir. Bu ailə üçün çətinlik yaradır, məhrumiyyətlərə səbəb olur”.

“Bir adam inzibati hüquqpozma törədir. O şəxsə cərimə tətbiq edilir ki, qaydanı pozub və cərimə olunsun. Yəni inzibati tənbehdə məqsəd tərbiyələndirmədir, məhrumiyyət yaratmaq deyil. Ona görə də cərimələrin bu qədər yüksək olması doğru deyil”, – deputat bildirib.

Ayşən Mustafa
Globalinfo.az