825351643 1141157754910672 890649134307390755 n 1

2026-cı il oktyabrın 5-də Azərbaycanın “Gilavar Foto Klubu” İctimai Birliyi İsveçrənin Cenevrə şəhərində – BMT-nin Avropa ofisinin yerləşdiyi “Millətlər Sarayı” meydanında silahlı zorakılığın bütün formalarından əziyyət çəkən insanların fəryadını təcəssüm etdirən rəmzi “Sınıq stul” abidəsi qarşısında fotosərgi açıb. Ekspozisiyada Ermənistanın mina müharibəsindən zərər çəkmiş azərbaycanlıların həyat hekayələrini, mina partlayışlarının ağır nəticələrini özündə əks etdirən sənədli fotoşəkillər yer alıb. Bundan başqa, Cenevrədə stendlərlə tanış olan xarici izləyicilər Ermənistanın 30 illik işğal dövründə Azərbaycan torpaqlarında törətdiyi vandalizmin, dağıntıların təsvirləri və həmin ərazilərdə Azərbaycan dövlətinin qurduğu yeni həyatın, dirçəlişin tabloları ilə tanış olublar.

Globalinfo.az xəbər verir ki, bu barədə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumat yayıb.

“Gilavar” Foto Klubunun rəhbəri Rəşad Mehdiyev bildirib ki, bu fotolar beynəlxalq ictimaiyyəti BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün səfərbərliyə çağırır, dünyada 60 milyon insan hələ də mina təhlükəsi altındadır, Azərbaycan minadan ən çox əziyyət çəkən ölkələr sırasındadır. Azərbaycan torpaqlarının bir hissəsini uzun illər işğal altında saxlamış Ermənistan bu ərazilərdə 1.5 milyondan çox mina basdırıb, ərazi digər partlayıcı sursatlarla da kəskin çirkləndirilib. Ermənistanın məqsədi Azərbaycanın dinc əhalisinə qarşı müharibə olub. Azad edilmiş ərazilərdəki yaşayış məntəqələrində, qəbiristanlıqlarda və digər yerlərdə aşkar edilən minalar, o cümlədən tələ minalar buna sübutdur, hətta aşkar edilmiş bir sıra kütləvi məzarlıqların ətrafı da minalanıb. Doğmalarının qalıqlarını illərin həsrətindən sonra bu yerlərdə tapmağa çalışan, ziyarətə gələn insanlar üçün minalar basdırılıb. Bu, bəşəri cinayət hesab olunmalıdır.

Ekspozisiya ilə tanış olanlara məlumat verilib ki, bütün çağırışlara baxmayaraq, Ermənistan minalanmış ərazilər barədə dəqiq məlumatları, xəritələri təqdim etmir. Verilmiş əksər xəritələrin saxta və etibarsızlığını mina hadisələrinin mütləq əksəriyyətinin bu xəritələrdən kənarda baş verməsi də sübut edir. Bu fəaliyyət heç bir halda sülhə xidmət etmir. 2020-ci ildə 44 günlük müharibədən sonra – Azərbaycanda mina hadisələrindən ölən şəxslərin mütləq əksəriyyəti mülki şəxslərdir. O da qeyd olunub ki, mina məsələsi bu gün Azərbaycanın ən böyük probleminə çevrilib. Ermənistanın 30 illik talan və dağıntılarından sonra Azərbaycan dövləti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri aparır, keçmiş köçkünləri yurdlarına qaytarır. Lakin mina təhdidi bu prosesə ciddi əngəldir, vətəndaşların həyat və sağlamlığı üçün təhlükə mənbəyidir. Qarabağ və Şərqi Zəngəzurda minalanmış geniş sahələr ekologiya və ətraf mühitə, kənd təsərrüfatına da böyük zərbədir.

Ekspozisiya ilə tanış olanlar yaxın gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun minadan azad bölgə elan olunmasını arzulayıblar.

Azərbaycan QHT-si BMT-nin 18-ci Dayanıqlı İnkişaf Məqsədi kimi “minasız dünya” məqsədinin elan edilməsi üçün başlatdığı beynəlxalq kampaniyanı digər Avropa ölkələrində də davam etdirəcək.

“Gilavar” Foto Klubu Azərbaycanın QHT Agentliyinin və Qarabağ Dirçəliş Fondunun birgə elan etdiyi “Mina və partlamamış hərbi sursatlar probleminə dair təşəbbüslər” qrant müsabiqəsinin 2026-cı il üzrə qalibidir.

825351337 1141157378244043 4201791960933794238 n 825351596 1141157748244006 6767492684142166667 n 825267501 1141157694910678 2412786327438634742 n 825351290 1141157381577376 4974424979716968462 n 825267460 1141157721577342 9191789344762179995 n

Paylaş: