
Cəlilabadda 9 yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur.
Globalinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən, Cəlilabad rayonunda Sərhədabad–Əliabad–Zəhmətabad–Soltankənd marşrutu üzrə avtomobil yolunun yenidən qurulması işləri davam etdirilir.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən icra olunan, ümumi uzunluğu 18 kilometr olan layihə 7 mindən artıq əhalinin yaşadığı 9 yaşayış məntəqəsini əhatə edir.
Layihə çərçivəsində indiyədək yolun 4,3 kilometrlik hissəsində torpaq işləri, 3,3 kilometrlik hissəsində isə yol əsasının alt qatının inşası tamamlanıb. Bununla yanaşı, yolun dayanıqlığını və təhlükəsiz istismarını təmin etmək məqsədilə 9 nöqtədə suötürücü boruların quraşdırılması işləri davam etdirilir. Tikinti prosesi müasir inşaat norma və qaydalarına uyğun şəkildə həyata keçirilir.
Layihə başa çatdıqdan sonra yaşayış məntəqələri arasında nəqliyyat əlaqələri daha da möhkəmlənəcək, gediş-gəliş rahatlaşacaq, hərəkət təhlükəsizliyi əhəmiyyətli dərəcədə artacaq. Yenilənən yol sakinlərin gündəlik həyatını asanlaşdırmaqla yanaşı, rayonun sosial-iqtisadi inkişafına da mühüm töhfə verəcək.