Çe Gevaranı yaxalayan general öldü

İnqilabçı Ernesto Çe Gevaranın tutulması əməliyyatına rəhbərlik edən boliviyalı general, ehtiyatda olan Qeri Prado 85 yaşında vəfat edib.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə “El Deber” qəzeti məlumat yayıb.

Pradonun ölümünü oğlu da təsdiqləyib. Qəzetin yazdığına görə, istefada olan generalın böyrəklərində problemlər olub.

Qeyd edək ki, Fidel Kastronun yaxın adamı və 1959-cu il Kuba İnqilabının liderlərindən biri olan Çe Gevara 1967-ci ildə partizan hərəkatı təşkil etməyə çalışdığı Boliviyada tutularaq edam edilib. İnqilabçının tutulması və partizanlara qarşı mübarizəsinə görə Boliviya Parlamenti həmin il Pradonu milli qəhrəman adı ilə təltif etmişdi.