Çavuşoğlunun kritik Bakı səfəri: Türkiyə savaşa hazır olduğunu elan etdi – VİDEO

Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana səfər etdi. Səfər indiki məqamda diqqət çəkir. Belə ki, ABŞ və Qərbin Ermənistanı silahlandırması, habelə bu güclərin Azərbaycana qarşı rəsmi İrəvanla əməkdaşlıq etməsi regionda gərginliyi artırır.

Türkiyənin reaksiyasından aydın olur ki, vəziyyət kifayət qədər ciddidir. M.Çavuşoğlu deyib ki, bəzi ölkələr Cənubi Qafqazda sülhü əngəlləməyə çalışır. O, bildirib ki, Türkiyə bu məsələlərdə də Azərbaycanın yanındadır və hər cür dəstək verəcək.

M.Çavuşoğlu yerli mediaya açıqlamasında deyib ki, Qərbin məqsədi Ermənistanı yeni müharibəyə təşviq etməkdir: “Azərbaycan heç zaman yalnız qalmayacaq. Türkiyə hər zaman yanındadır.”

Globalinfo.az-a danışan politoloq Əlimusa İbrahimov deyib ki, ABŞ və Avropa İttifaqının Azərbaycanın iştirakı olmadan Cənubi Qafqazdakı proseslərə müdaxiləsi məqsədi güdən Brüssel görüşü Azərbaycan, Türkiyə və Rusiya tərəfindən ciddi narazılıqla qarşılandı:

“Azərbaycan tərəfi bu görüşün regionda yeni və qarşısıalınmaz nəticələrə gətirib çıxaracağı barədə xəbərdarlıq etdi. Türkiyə də Azərbaycanın mövqeyini müdafiə etdiyini XİN-in bəyanatı vasitəsilə təsdiq etmiş oldu. Deməli, Azərbaycanın ABŞ və Avropanın atdığı addımın yeni qarşıdurma mərhələsinə gətirib çıxaracağı barədə xəbərdarlığı Türkiyə tərəfindən də qəbul olunur.

5 aprel 2024-cü il. Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Rusiya da Türkiyə və Azərbaycanın mövqeyi ilə üst-üstə düşən və eyni narahatlığı ifadə edən bəyanat səsləndirdi. Deməli, Brüssel və Vaşinqtonun atdığı düşünülməmiş addım regionda sülh və əmin-amanlığa deyil, gərginliyə səbəb olacağı artıq göz önündədir.

Entoni Blinken və xanım Fon der Leyen yanlış addım atdıqlarının fərqinə vardıqda artıq gec idi. Onlar prezident İlham Əliyevlə telefon əlaqəsi saxlayaraq və Hakan Fidanla görüş keçirərək vəziyyəti reanimasiya etməyə cəhd etdilər. Eyni zamanda görüşü təxirə salmaq və Azərbaycanı sonradan dəvət etmək də həm ABŞ, həm də Aİ-nin nüfuzu üçün öldürücü ola bilərdi”.

Ekspert deyib ki, görüş keçildi və cüzi yardımlar vəd etməklə Ermənistanın başını sığalladılar:

“Amma Azərbaycanla münasibətdə bu kobud addım heç də nəticəsiz ötüşməyəcək. Bakı ABŞ və Aİ-nin bu hərəkətini bağışlamaq və üstündən keçmək fikrindən çox uzaqdır. Azərbaycan Prezidenti İlham Əliyev münaqişənin yenidən və məhz bu trio tərəfindən başlayacağını ifadə etməklə heç də xəbərdarlıq etmirdi. Artıq top Azərbaycan tərəfindədir və düşünürəm ki, Azərbaycanın cavabı özünü çox gözlətməyəcək.

Bakı Brüssel və Vaşinqtona özünə olan bu etinasızlığın əvəzini ödədəcək. Hədəfdə isə Ermənistan və yenə də Cənubi Qafqaz regionudur. Düşünürəm ki, Ankarada Brüssel görüşündən sonra Azərbaycanın müəyyən həlledici addımlar atacağı barədə xəbərdardırlar. Çavuşoğlunun Bakıya səfəri bu prizmadan qiymətləndirilməlidir. O, gözlənilən kataklizmlər zamanı Bakı ilə birlikdə hərəkət edəcəklərini ifadə etmək üçün bura gəlib. Biz daha ciddi hadisələr ərəfəsindəyik”.


Turan Rzayev
Globalinfo.az