Casus “istixanalarında” yetişdirilən şəbəkə – İran agentlərinin çoxluğunun səbəbi

Son zamanlar ölkə daxilində İran agenturasına qarşı silsilə təbdirlər görülür. Keçirilən əməliyyatlar nəticəsində İran xüsusi xidmət orqanları ilə əməkdaşlıqda şübhəli bilinən şəxslər həbs saxlanılır.

Bu təmizləmələr müsbət olsa da bəzi suallar da yaradır:

İran Azərbaycanda və ya digər ölkələrdə niyə bu qədər casus yetişdirə bilir?

Mövzunu Globalinfo.az-a şərh edən siyasi şərhçi Aqşin Kərimov deyib ki, İran kəşfiyyatının əsasını təşkil edən güc bu ölkənin ideoloji əsaslarıdır:

Aqşin Kərimov

“Hətta bu beynəlxalq ictimaiyyətə də bəllidir. Maraqlıdır ki, İran özü də bunu gizlətmir və aşkar şəkildə həmin ideyaları insanların dini inanclarının istismar edilməsi üçün yönəldir. Molla rejimi islam dinini təhrif edərək dövlət ideologiyasının mayası olan siyasi şiəliyi kütlələrə çatdırmaqla xeyli tərəfdar toplamağa çalışır. Bu xətt İrana proksi qüvvələr formalaşdırmaq, islam coğrafiyasında dövlətlərə təzyiq etmək metodlarını yaratmaq və inkişaf etdirmək üçün lazımdır.

İran kəşfiyyatı ilk növbədə müsəlman ölkələrin bürokratik zümrəsinə sızır və sorğusuz itaət edə biləcək kütlə ərsəyə gətirmək üçün fəaliyyətə başlayır. Tərəfdar toplandıqdan sonra isə inanc, islam adı altında İranın maraqlarını təmin edəcək addımlar atılır. Misal üçün, kütlələrdən İran kəşfiyyatının büdcəsinə xeyir verən xümslər toplanılır və həmin pullar dövriyyəyə buraxılır”.

Ekspert qeyd edib ki, İran xarici ölkə vətəndaşlarından ona görə istifadə edir ki, onlar ifşa ediləndə asanlıqla “bu, bizim kəşfiyyatın adamı deyil” söyləyə bilsin:

“Buna görə də İran ilk öncə elə ölkələrdə kəşfiyyat-pozuculuq fəaliyyəti hazırlayır ki, agentura şəbəkəsi ifşa edilsə belə, Tehranın strateji maraqlarına xələl gəlməsin. Azərbaycanda belə ölkələrdəndir”.

Turan Rzayev
Globalinfo.az