Canlı efirdə qadın vəkilin üstünə su atan jurnalist danışdı: “Mənə qarğış edirdi”

“Hüquqşünas Şəfiqə Nağıyeva “Xəzər” televiziyasına yeni gəlib. Gələn gündən də mənə dedi ki, “səninlə fəxr edirəm”. Mən də təklif etdim ki, əgər belədirsə, o zaman bir-birimizə “ilişməyək”. Mən subyektiv fikir bildirirəm. Sizin fikriniz başqadırsa, bu artıq öz işinizdir. Bununla belə razılaşdıq”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında tanınmış şair və jurnalist Anar Vəziroğlu “Xəzər” TV-də yayımlanan “Təsir dairəsi” verilişində baş verən qalmaqal haqda danışarkən deyib.

Bildirib ki, ilk veriliş rahat keçsə də, sonrakı gündən hüquqşünasla münasibətləri gərginləşib:

“Əvvəl hər şey yaxşı idi. Daha sonra başladı mənimlə prinsip aparmağa. Nə dedimsə, əksini söylədi. O qadın mənim övladlarıma təhqir və qarğış etdi. Mən də ona bir neçə dəfə dedim ki, özünü yığışdırsın. Gördüm, bu adam daha da irəli gedir. Reklam ərəfəsində hər kəsin gözü önündə başladı məni açıq şəkildə təhqir etməyə. Elə həmin vaxt mənim üzərimə su tökdü. Bunların hamısı çəkilişdə var. Sadəcə, televiziya işçiləri imkan vermədilər ki, onun cavabını elə orada verim. Mən də sakit şəkildə keçib əyləşdim”.

Jurnalist bildirir ki, aranın sakitləşməsinə baxmayaraq, Ş.Nağıyeva onu təhqir etməyə davam edib: “Mən də aparıcı xanımdan icazə alıb qalxdım ayağa və sözümü deyib suyu üzərinə tökdüm. Arxamca yenə başladı təhqir etməyə və dedi ki, “səni məhkəməyə verəcəm”. Mən də dedim “get ver”. Hətta verilişin aparıcısı Lalə Azərtaş sonda onun su tökməsi ilə bağlı üstü örtülü danışdı. Yəni bunları ilk o edib, mən də adekvat şəkildə cavabını vermişəm”.

A.Vəziroğlunun sözlərinə görə, Ş.Nağıyevanın oğlu onun üstünə gəlib: “Oğlu başladı ki, “sən niyə mənim anamın üstünə su atmısan?” Mən də bildirdim ki, sənin anan bəyəm mənim üstümə “gül-çiçək” göndərmişdi ki, mən də eynisini edim? Etdiyinin cavabını vermişəm. Kimsə kimsədən artıq deyil, vəssalam!”.

Qeyd edək ki, hüquqşünas Şəfiqə Nağıyeva ilə əlaqə saxlamağa çalışsaq da, bu, mümkün olmayıb. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Zaira Akifqızı

Globalinfo.az