Bütün mərkəzi otellərdə yerlər doldu – Səbəb

Azərbaycanda keçiriləcək Formula-1 yarışları ilə əlaqədar Bakıdakı mərkəzi otellərin hamısında artıq yerlər tam dolub.

Globalinfo.az xəbər verir ki, bu barədə Trend-ə Azərbaycan Otel Assosiasiyasından bildiriblər.

Bildirilib ki, artıq Formula-1 oyunları ilə bağlı paytaxtda yerləşən otellərdə doluluq müşahidə olunur.

“Yarışlarla bağlı şəhərin mərkəzində yerləşən bir sıra iri otellər daha çox turist qəbul edib. Formula-1 trekindən məsafəcə biraz aralı olan otellərin də 70% -dən çoxu dolub. Bu, mövsüm üçün çox yaxşı göstəricidir. Bir qədər kiçik otellərdə də sıxlıq var. Formula-1 bahalı idman növüdür və onun azarkeşləri də adətən maddi baxımından imkanlı adamlardır. Bu baxımdan turistlər daha çox yüksək komfortlu, mərkəzdə yerləşən və şəbəkə otellərə üstünlük verirlər. Otelləri bron edənlər əsasən Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, ABŞ və Avropa ölkələrinin vətəndaşlarıdır. Formula-1 yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycanın tanıdılması, o cümlədən, turizmin inkişafına dəstək verir”, – deyə Assosiasiyadan bildiriblər.

Mərkəzdə yerləşən otellərdən bildirilib ki, Formula-1-in izlənməsi mümkün olan mehmanxanalarda yerlər dolub.

“Otellərin qiymətləri əvvəlki aylarla müqayisədə artıb. Qiymətlər otellərin komfortuna və təqdim etdiyi xidmətlərə görə, 50-300 manat arasında yüksəlib. Belə ki, qiymətlərin bahalaşma səbəbi təkcə qalma müddəti ilə bağlı deyil. Turistlərə göstərilən xidmətlər arasında şəhərdaxili və regionlara səfərlərin təşkili də nəzərdə tutulur”, – deyə mənbədən bildiriblər.

Qeyd edək ki, 2023 Formula-1 Azərbaycan Qran Prisi 28-30 aprel tarixlərində baş tutacaq. Qran Pri ilə bağlı ən çox bilet alanlar Böyük Britaniya və Niderland vətəndaşlarıdır.