Buraxılış imtahanları martda keçirilirsə, şagird niyə iyuna kimi məktəbə gedir? – Ekspert izah edir

 

Bu il də buraxılış imtahanlarının tədris ili başa çatmadan, mart və aprel aylarında keçirilməsi cəmiyyətdə narazılıqla qarşılanıb. Təhsil ictimaiyyətində şagirdlərin erkən imtahan verməsinin dərsə davamiyyətə mənfi təsir etdiyi, onların məktəbdən yayındıqları vurğulanır.

Bəs son illərdə buraxılış imtahanları niyə tədris ili başa çatmadan təşkil edilir?

Təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi Globalinfo.az-a bunun kurikulum sisteminə əsaslandığını bildirib:

“2008-2009-cu illərdən etibarən Azərbaycanda tədris prosesi kurikulum proqramına əsasən həyata keçirilir. Həmin illərdə məktəbə başlayan şagirdlər artıq tam orta təhsili başa vurublar və onların biliyinin qiymətləndirilməsi də məhz bu proqram əsasında aparıldı. Belə olan təqdirdə 2019-cu ildən etibarən qəbul imtahanlarının formatı dəyişildi, buraxılış və blok imtahanları olmaqla iki hissəyə ayrıldı. Əvvəllər abituriyentlər sadəcə qapalı və açıq tipli sualları cavablandırırdılar. Hazırkı imtahanlarda konkret olaraq yazılı formada cavab tələb edən suallar yer alır. İmtahanların bu formada təşkili də kifayət qədər zaman tələb edir. Yəni imtahan nəticələrinin açıqlanması təxminən bir ay müddətinə başa gələ bilir”.

Mütəxəssis imtahanların bundan da erkən təşkilinin mümkün olduğunu, bunun bir neçə səbəbə əsaslandığını qeyd edib:

Elçin Əfəndi: “Distant təhsil mütləq bərqərar olmalıdır”

Elçin Əfəndi

“Hazırda imtahanların erkən təşkili kurikulum sistemində tədris olunan mövzular üzrə qiymətləndirmənin istənilən zaman keçirilməsinə əsaslanır. Bu sistemə görə keçirilən mövzular üzrə qiymətləndirmə hətta dekabr və yanvar aylarında da təşkil edilə bilər. Bu təcrübə bir neçə Avropa ölkəsində də mövcuddur, payız aylarında da imtahan keçirilir. Həmçinin cavabların yoxlanış prosesinin zaman alması və nəticələrin gec olmadan açıqlanması da imtahanların erkən təşkilinin səbəblərindən biridir. Məsələn, buraxılış imtahanı iyun ayında keçirilərsə, cavabların elan olunması iyulda mümkün olacaq. Nəticələr açıqlandıqdan sonra blok imtahanlarının keçirilməsi və onun da cavablarının elan olunmasının gözlənilməsi, daha sonra ixtisas seçimi mərhələsinin baş tutmasını nəzərə alsaq, ümumilikdə qəbul prosesinin yekunlaşması oktyabr ayının əvvəlinə təsadüf edəcək. Tədris ili sentyabr ayının əvvəlində başladığı üçün bu da müəyyən sıxıntılara səbəb olacaq. 2020-ci ildə pandemiya və Vətən müharibəsi dövründə belə bir hal yaşanmışdı. İmtahanlar gec keçirildi və bütün təhsil müəssisələrində dərslər gec başladı.

Amma imtahanların tədris ilinin başa çatmadan təşkili şagirdlərin davamiyyətinə pis təsir edir. Çünki attestatlar tədris olunan fənlərin ümumi illik qiymətləndirilməsi əsasında verilir. Təəssüf ki, bu gün biz orta məktəbi “2” ilə bitirən şagirdə də attestat təqdim edirik. Bu da onlarda arxayınlıq yaradır və məktəbə davamiyyət aşağı düşür. Şagirdlər buraxılış imtahanı verdikdən sonra hər şeyin başa çatdığını düşünürlər. Bu problemin həlli olaraq Elm və Təhsil Nazirliyi “2” alan şagirdə attestat verməsə, dərsə davamiyyət qaydasında olar”.

E.Əfəndi qəbul imtahanlarının formatının tamamilə dəyişdirilməli olduğunu, ixtisas qruplarının ləğv edilməsini təklif edib:

“Ümumiyyətlə bu prosesin tənzimlənməsinə ehtiyac var. Bu sistemin artıq bir neçə ildir tətbiq edilməsinə baxmayaraq abituriyentlərin hələ də adaptasiya ola bilməmələrini müşahidə edirik. Bu da imtahan nəticələrinə təsir edir. Nəticələrin gec elan edilməsi, ümumi prosesin yubanması tətil müddətində müəllimlərin də, abituriyentlərin də, valideyinlərin də istirahətini əllərindən alıır. Onlar 2-3 aylıq yay tətilini keçirə bilmirlər.

Ona görə də hesab edirəm ki, qəbul imtahanlarının formatını tamamilə dəyişməliyik, proses artıq beynəlxalq sistem əsasında keçirilməlidir.

Dünyanın heç bir ölkəsində ixtisas qrupları olmadığı halda, bizdə bu hələ də qalmaqdadır. Həmçinin imtahanlarda fənn sayı da minimallaşdırılmalıdır. Abituriyent 2-3 fənn üzrə imtahan verərək, yaxud da hər hansı fənn üzrə xüsusi qabiliyyətinə, əldə etdiyi nailiyyətlərə görə universitetə qəbul ola bilməlidir. İmtahanlar iyunun 14-dən sonra və yalnız bir dəfə keçirilməli, nəticələr də erkən açıqlanmalıdır”.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi də imtahanların erkən keçirilməsinin sistemə uyğun olduğunu, gələcəkdə yanvar ayında təşkil edilə biləcəyini qeyd edib.

Ayşən Mustafa
Globalinfo.az