Dənizkənarı Milli Parkda Bakının tarixi ənənələrini müasir yanaşma ilə yaşadan faytonlar ziyarətçilərin istifadəsinə verilib.
Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, klassik fayton görünüşünü müasir elektrik mühərriki ilə birləşdirən nəqliyyat vasitələri bulvar ərazisində xüsusi tarixi marşrut üzrə hərəkət edir.
Marşrut Dənizkənarı Milli Parkın tarixi və simvolik məkanlarını əhatə etdiyindən ziyarətçilər gəzinti zamanı bulvarın zəngin tarixi və görməli yerləri ilə fərqli rakursdan tanış olmaq imkanı əldə edirlər.
Dənizkənarı Bulvar İdarəsindən (DBİ) bildirilib ki, layihə şəhərin tarixi irsini müasir texnologiyalarla uzlaşdıraraq nostalji ab-havanı rahat və ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi ilə bir araya gətirməyi hədəfləyir.
Layihə çərçivəsində DBİ-nin ixtisaslaşmış bələdçiləri yerli sakinlərə və xarici turistlərə Bulvarın tarixi, memarlıq irsi və görməli məkanları barədə ətraflı məlumat təqdim edirlər.
Qeyd edilib ki, elektrik mühərrikli faytonların istifadəyə verilməsi Dənizkənarı Milli Parkda göstərilən xidmətlərin genişləndirilməsi, eyni zamanda ekoloji cəhətdən dayanıqlı və müasir şəhər mühitinin təşviqi istiqamətində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.
Elektrik mühərrikli faytonla gəzintinin qiyməti 40 manatdır. Bu məbləğə dörd böyük və iki uşaq olmaqla ümumilikdə altı sərnişinin gəzintisi daxildir.
Bundan əlavə, gəzinti zamanı ziyarətçilərə xüsusi retro qəzet formatında hazırlanmış foto hədiyyə olunur.