DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Bakı-Şamaxı-Yevlax yolunda hərəkətin məhdudlaşdırılacağı barədə xəbərdarlıq edib.
İdarədən Globalinfo.az-a verilən məlumatda deyilir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına əsasən, M-4 Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) elektron tərəzi sisteminin quraşdırılması ilə əlaqədar bu gündən başlayaraq təqribən bir ay yarım müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq kənardankeçmə yolu ilə təşkil ediləcək.
Baş Dövlət Yol Polisi İdarəsi göstərilənləri nəzərə alaraq, sürücülərdən yolun sözügedən hissəsində daha diqqətli olmağı, müvəqqəti yol nişanlarının tələblərinə qeyri-şərtsiz əməl etməyi, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün təhlükə yaradan hərəkətlərdən çəkinməyi xahiş edir.
***12:05
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hərəkətdə olan iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin çəki və kütlə parametrlərini ölçən texniki vasitələrin (elektron tərəzilərin və çiplərin) ümumi istifadədə olan avtomobil yollarında quraşdırılması ilə əlaqədar yolda hərəkətin məhdudlaşdırılması barədə hərəkət iştirakçılarına (sürücülərə) müraciət edib.
Globalinfo.az müraciətin mətnini təqdim edir:
“Bakı-Şamaxı-Yavlax avtomobil yolunun 264-cü kilometrində (Yevlax, Xaldan kəndi ərazisi) quraşdırılması nəzərdə tutulan elektron tərəzi sistemi işlərinin başladılması ilə əlaqədar bu gündən başlayaraq təqribən 1,5 ay müddətində nəqliyyat vasitələrinin hərəkəti qismən (fasilələrlə) məhdudlaşdırılaraq 500 metr məsafədə kənardankeçmə yolu ilə təşkil ediləcək”.