Xətaidəki yanğın tam söndürüldü – YENİLƏNİB

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən tam söndürülüb.

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yanğınsöndürənlərin fəkadarlığı və peşəkarlığı sayəsində yanğının ərazidəki yüksək gərginlikli hava elektrik xətləri, yanacaq çənləri parkı, neft və qaz boru kəmərləri və yaşayış evlərinə keçməsinə, böyük fəsadların yaranmasına imkan verilməyib.

***16:56

Xətai rayonu Aşıq Qurban küçəsində açıq ərazidə baş verən yanğınla əlaqədar iki nömrəli yüksək çağırış elan olunub.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Hikmət Abbasov deyib.

O, hazırda məhdudlaşdırılan yanğınla bağlı bəzi detalları açıqlayıb.

Xidmət rəisi deyib ki, saat 14:14 radələrində yanğınsöndürmə hissəsinə ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub, saat 14:21-də Dövlət Yanğından Mühafizə Xidmətinin texnikaları və şəxsi heyəti yanğın olan əraziyə çatıb.

Onun sözlərinə görə, hadisənin çətinliyi, havanın küləkli olmasını nəzərə alaraq iki nömrəli yüksək çağırış elan olunub və Bakı qarnizonunun əsas qüvvələri hadisə yerinə cəlb olunub. Amma təyyarə və helikotperlərin hava şəraiti ilə əlaqədar qaldırılması mümkün olmayıb.

H.Abbasov hazırda ərazidə 15-dən artıq texnika və 80-ə yaxın şəxsi heyətin yanğının söndürlüməsində iştirak etdiyini açıqlayıb.

Xidmət rəisi bildirib ki, yüksək gərginli 35 min kilovatlıq elektrik xəttinin ərazidən keçməsi yanğının söndürülməsi işlərini çətinləşdirib.

O, həmin xətlərin mühafizə olunduğunu bildirib:

“Bununla yanaşı ərazidən keçən neft və qaz xəttləri mövcuddur. Onlar da yanğın ərazisinə bilavasitə yüklənib. Tərəfimizdən həmin xəttlər mühafizə edilir. Ərazidə “Lukoil”, “Azpetrol” və “SOCAR”ın yanacaq çənlər parkı yerləşir. Biz əraziyə çatanda vəziyyət o qədər mürəkkəb idi ki, həmin çənlərə yanğının keçmə ehtimalı yüksək idi. Yanacaq daşıyan avtomobillərin hadisə yerində olması isə ciddi problem yaradırdı. 18 ədəd həmin yanacaq daşıyan maşınlar yanğından mühafizə olunub. Yalnız bir neft daşıyan yanacaq avtomaşını yanğın nəticəsində partlayıb”.

***16:34

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidəki yanğın məhdudlaşdırılıb.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general Hikmət Abbasov deyib.

Onun sözlərinə görə, hazırda soyutma işləri davam etdirilir.

Xidmət rəisi bildirib ki, yanğının tam söndürülməsi istiqamətində işlər aparılır.

***15:35

Xəbər verildiyi kimi, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazidə yanğın baş verməsi barədə ilkin məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, hazırda yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi daxili xidmət general-mayoru Hikmət Abbasov hadisə yerindədir.

Əlavə məlumat veriləcək.

***14:53

Bakı şəhəri, Xətai rayonu, Aşıq Qurban küçəsi yaxınlığında açıq ərazi yanır.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Globalinfo.az-a bildirilib ki, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Əlavə məlumat veriləcək.