Həmin verilişlər qadağan olunsun – Ekspertdən təklif

Televiziya kanallarında bayağı verilişlərin artması, çağırılan qonaqların adi qaydalara əməl edə bilməməsi tez-tez müzakirə olunan məsələlərdən biridir. Sözügedən problem dəfələrlə gündəmə gətirilsə də, hələ ki həllini tapmayıb.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan media eksperti, professor Qulu Məhərrəmli bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə televiziyalarda müəyyən bir nizam yaranmışdı:

“Bir neçə il əvvəl Azərbaycan televiziya kanallarında bayağı verilişlərin, evlənmə proqramlarının sayı artmışdı. Mətbuatın reaksiyası, parlamentdə gedən müzakirələr, ictimaiyyətin qınaqları bu bayağılığın səngiməsinə səbəb oldu. Amma görürük ki, bəzi aparıcılar, özəl televiziyalar yenidən bayağılıq dozasını artırmağa başlayıblar. Ekranlardan bizə moizə oxuyan, əxlaq dərsi və necə yaşamağı “öyrədən” aparıcılar çoxalmağa başlayıb.

Şübhəsiz ki, özəl televiziyaların da öz problemləri var. Onlar da sponsor tapmalı, reklamlar cəlb etməli, pul qazanmalıdırlar, amma hər işdə peşəkarlıq, səviyyə, ölçü və nizam olmalıdır”.

Professor deyib ki, televiziyalara nəzarəti artırmaq zərərlidir:

“Televiziyalara nəzarət ola bilər, amma ilk növbədə televiziya rəhbəri verilişin prodüserini, rejissoru, redaktoru, aparıcını müəyyən dərəcədə çərçivədə saxlamağı bacarmalıdır. İctimai əxlaqı zədələyən verilişlər qadağan olunmalıdır. Onsuz da bu xalq 30 ildə televiziyaya yanlış yanaşma nəticəsində ciddi deformasiyaya uğrayıb. İnsanlar kitabdan ayrılıb, əxlaq normalarını hədəfə çevirib, dəyərlərə qarşı olub. Yenidən ocağı qalamaq və bu cür bayağı verilişləri ortaya çıxarmaq yolverilməzdir”.

Zaira Akifqızı
Globalinfo.az