Bu valideynlər həbs oluna bilər – Hüquq müdafiəçisi

Hüquq müdafiəçiləri olaraq artıq uzun illərdir ki, Azərbaycanın müxtəlif bölgələrində görüşlər keçirir, valideynlərə övladlarını erkən yaşda evləndirməməyi tövsiyə edirik.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hüquq müdafiəçisi, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi İctimai Birliyinin sədri Səidə Qocamanlı erkən nikah haqda danışarkən deyib.

Onun sözlərinə görə, ölkəmizdə əsas problemlərdən biri narkomaniya, digəri isə erkən nikahdır:

“13-14 yaşlı uşaq ailə qura bilməz. O yaşda dərs oxumaq lazımdır.  Bununla bağlı cəmiyyət, dövlət strukturları, Elm və Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi, icra hakimiyyətləri birgə iş görməlidirlər.

Erkən nikaha göz yuman valideynlər, qurumlar cəzasız qalırlar. O cəzasızlıq da belə cinayətlərin baş verməsinə gətirib çıxarır. Azyaşlı qızın ailə qurmasına göz yummaq, ailə münasibətinə sövq etmək cinayətdir”.

S.Qocamanlı bildirib ki, bu məsələ dövlət tərəfindən ciddi şəkildə nəzarətə alınmalıdır:

“Yaşı 18-dən az olan övladların evləndirilməsinə görə onun ata-anası həbs olunmalıdır. Bəlkə, o zaman bunun qarşısını almaq mümkün olar. Parlamentdə qərar qəbul olunsun, Cinayət Məcəlləsinə yeni maddə əlavə edilsin.

Son vaxtlar boşanma halları, özünəqəsd edən xanımların sayı artmaqdadır. Bunun da əsas səbəbi erkən nikahlardır. Çünki çox kiçik yaşlarda ailə qururlar, problemlər yaranan zaman isə dözə bilməyib, bu cür dəhşətli yollara əl atırlar”.

Zaira Akifqızı
Globalinfo.az