Bu tarixdən birinci sinfə qəbul prosesi başlayır

Mayın 1-dən uşaqların birinci sinfə qəbul prosesi başlayacaq.

Globalinfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov aprelin 18-də keçirdiyi hesabat tədbirində deyib.

Onun sözlərinə görə, sənəd qəbulu 13 sentyabra qədər davam edəcək.

E.Bağırov bildirib ki, Azərbaycan bölməsi üçün məktəb və müəllim seçimi mayın 3-dən sentyabrın 13-dək olacaq: “Tədris digər dillərdə aparılan bölmələr üçün müsahibəyə qeydiyyat 3 may-17 may tarixlərində aparılacaq, müsahibələr isə 7 may-30 may tarixlərində təşkil ediləcək. Həmçinin tədris digər dillərdə aparılan bölmələr üçün məktəb və müəllim seçimi 12 iyun-13 sentyabr tarixlərini əhatə edəcək. Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibələrin təşkili uşaqların həmin bölmələrə qəbulunda obyektivliyi təmin edir”.

Bu il I siniflərə qəbulla bağlı bir sıra yeniliklərin tətbiqi də nəzərdə tutulub.

O həmin yeniliklərin aşağıdakılardan ibarət olduğunu açıqlayıb:

“Bu il valideynlər ölkə üzrə prioritet (üstünlük hüququ) tətbiq olunan bütün ümumi təhsil müəssisələri, prioritetin tətbiq olunacağı tarix və saat haqqında proses başlamadan öncə məlumat əldə edə biləcəklər. Valideynlər (qanuni nümayəndə) bu linkə daxil olaraq, Bakı şəhərində yerləşən ümumi təhsil müəssisələri və həmin təhsil müəssisələrinin müəyyən edilmiş mikroəraziləri haqqında məlumat əldə edə bilər.

Eyni zamanda bildiririk ki, 1 may tarixindən valideynlər mektebeqebul.edu.az saytında yaratdıqları şəxsi kabinetin “ərazi yoxlanışı” bölməsində “Azərişığın” abunə kodunu yazaraq həmin əraziyə uyğun gələn məktəblər haqqında məlumat əldə edə biləcəklər. Məskunlaşma sıx olan ərazilərdə prioritetlərin tətbiqi valideynlərin məktəb seçimini asanlaşdırır.

Bundan başqa, Bakı Avropa liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müsabiqəsində iştirak etmək üçün övladlarını qeydiyyatdan keçirən valideynlər, eyni zamanda, üstünlük hüququ əsasında, yaxud sərbəst formada digər ümumi təhsil müəssisəsini seçib sorğu yerləşdirə bilər. Müsabiqədə uğur qazandığı halda, valideynin digər ümumi təhsil müəssisəsində olan sorğusu avtomatik olaraq silinəcək”.