Bu, Şuşaya xüsusi ehtiramın təzahürüdür – Nazir

“Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi, türk dünyası tərəfindən Şuşaya olan xüsusi ehtiramın təzahürüdür”.

Globalinfo.az xəbər verir ki, bunu mədəniyyət naziri Adil Kərimli “Şuşa-Türk dünyasının mədəniyyət paytaxtı-2023”ün rəsmi açılış mərasimində deyib.

Nazir xatırladıb ki, Şuşa azərbaycanlılar üçün olduqca böyük mənəvi əhəmiyyəti olan bir şəhərdir: “Bu şəhər xalqımızın taleyində, onun tarixində, mədəniyyətində, milli inkişaf yolunda böyük əhəmiyyətə malikdir. Şuşa şairlər, yazıçılar, rəssamlar, memarlar, bəstəkarlar şəhəridir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqımızın mədəniyyət mərkəzi olan Şuşaya və xalqımızın mədəni irsinin qorunmasına xüsusi önəm verirdi. Bu gün bu siyasət Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 30 illik erməni işğalı dövründə Şuşa, o cümlədən Azərbaycanın 20 faiz ərazisi dağıdılıb, talan edilib. İşğal dövründə ümumi türk dünyasının mədəni irsi hesab edilən məscidlər, mədrəsələr, görkəmli şəxsiyyətlərin evləri, qəbirüstü abidələr və digər mədəni irs nümunələri erməni vandalizminə məruz qalıb”.

A.Kərimli vurğulayıb ki, bu gün Şuşa və bütün Qarabağ öz intibah dövrünü yaşayır: “Qələbədən qısa müddət keçməsinə baxmayaraq şəhərlərimizin, kəndlərimizin, tarix-mədəniyyət abidələrimizin məhv edilən meşə massivlərinin və bütövlükdə yaşayış infrastrukturunun qısa müddətdə kompleks bərpası və yenidən qurulması istiqamətində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bilavasitə rəhbərliyi ilə intensiv işlər aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır”.