Bu şəxslərin borcları silinəcəkmi? – Rəsmi açıqlama

Qaçqın və məcburi köçkünlərin məskunlaşdıqları şəhərciklərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə ödənilməmiş borc məbləği ilə bağlı məsələ ictimaiyyətin diqqətindədir. Bu borcun bağlanacağı, yoxsa sakinlərin özləri tərəfindən ödənilməli olduğu müzakirə predmetinə çevrilib.

Məsələ ilə bağlı “Azəristiliktəchizat”ın mətbuat katibi Elvin Basqallı Globalinfo.az-a açıqlamasında bildirib ki, bütün digər kommunal xidmətlərdə olduğu kimi istilik xidmətində də  ödəniş məcburi köçkünlərin məsuliyyətinə daxildir:

“Onlara dövlət tərəfindən müvafiq müavinət verilir. Həmin müavinətin bir hissəsi də istilik xidmətlərinin ödənişi üçün nəzərdə tutulduğundan məcburi köçkünlər istifadə etdikləri istilik və isti su xidmətləri ilə bağlı hesablanmış borcu ödəməlidirlər. Və burada heç bir güzəşt, yardım nəzərdə tutulmur. Məcburi köçkünlər özləri istifadə etdikləri istilik xidmətlərinin ödənişini etməlidirlər. Nəzərə almaq lazımdır ki, istilik və isti su xidmətlərində dövlət kifayət qədər güzəştli tariflər tətbiq edir”.

Mətbuat katibi Qarabağın istilik təchizatı ilə bağlı danışarkən qeyd edib ki, Şuşa şəhərində Azəristiliktəchizat ASC tərəfindən 7 qazanxana tikilərək istifadəyə verilib və tam potensialı ilə istifadə olunur:

“Şuşadakı bütün müvafiq yaşayış və digər inzibati binalar heç bir problemsiz istiliklə təmin edilir. Qarabağın digər zonalarında isə genişmiqyaslı tikinti-quruculuq işləri gedir və müxtəlif şəhərlərin baş planları hazırlanır və burada Azəristiliktəchizat ASC də öz məsləhət və ekspert bilikləri ilə iştirak edir, töhfələr verir”.

O həmçinin əlavə edib ki, Azərbaycan Respublikasının azad edilmiş ərazilərində 2022-2026-cı illərdə Yaşıl Enerji Zonasının yaradılması ilə bağlı tədbirlər proqramında optimal istilik və isti su təchizatı sistemlərinin seçilməsi ilə bağlı Azəristiliktəchizat ASC-yə verilmiş tapşırıq da qrafik üzrə tam həcmdə yekunlaşdırılıb təqdim ediləcək.

Gülnar Səlimova
Globalinfo.az