Bu şəxslərə dəymiş ziyan ödəniləcək – RƏSMİ

Həftəsonu havanın kəskin dəyişməsi, bölgələrimizdə daşqınların olması ölkənin kənd təsərrüfatına ciddi ziyan vurub. Bəs fermerlərə dəyən ziyan dövlət tərəfindən qarşılanacaqmı? Təsərrüfatlar sığorta edilirmi?

Məsələ ilə bağlı Globalinfo.az-a danışan Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirilib ki, sahələrini sığortalamış fermerlərə dəymiş zərər ödəniləcək:

“Artıq Aqrar Sığorta Fondunun əməkdaşları rayonlarda sığortalanmış meyvə bağlarına, əkin sahələrinə zərər dəyməsi ilə bağlı fermerlərin müraciətlərini araşdırmağa başlayıblar. Əkin sahələrini və təsərrüfatlarını sığorta etmiş fermer və sahibkarların müraciətləri qeydə alınır və müstəqil aqrar sığorta ekspertlərinin iştirakı ilə araşdırılır. Ekspertlər hadisəni və onun nəticələrini qeydə alır, ilkin olaraq dəyən zərəri hesablayırlar. Araşdırmalar başa çatdıqdan sonra isə qanunvericiliyə uyğun olaraq sığorta hadisələri üzrə ödənişlər həyata keçiriləcək”.

V.Hüseynov təsərrüfatlarını sığorta etdirmiş fermerləri öz əkin sahələrinə baxış keçirməyə və baş verən hadisələrlə bağlı Fonda müraciət etməyə çağırıb. Fermerlər Aqrar Sığorta Fondunun 1651 Çağrı Mərkəzinə zəng edərək müraciətlərini edə bilərlər.

Zaira Akifqızı
Globalinfo.az