“Azərbaycanda nazirliklər, dövlət idarələri, icra hakimiyyəti orqanları və hökumət strukturlarında zaman-zaman korrupsiya əleyhinə əməliyyatlar keçirilir, rüşvət faktları üzə çıxarılır, həbslər olur”.
Bu sözləri Globalinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli son zamanlar DTX-nin keçirdiyi əməliyyatlarla bağlı danışarkən deyib.
O, 2018-ci ildən bu günə qədər bir neçə icra başçısı və nazirlik əməkdaşının həbs edildiyini xatırladıb:
“Korrupsiya ilə mübarizə yalnız hüquq-mühafizə orqanlarının işi deyil. Dünyanın keçdiyi bir yol var: büdcə xərcləmələrinin şəffaflığı, ictimai və media nəzarətinin gücləndirilməsi, idarəetmənin təkmilləşdirilməsi və idarəetmədə çalışan şəxslərin maddi təminatının rəsmi olaraq yüksəldilməsi. Yəni böyük büdcə vəsaitlərinin idarə olunmasına aşağı maaşlarla təyin olunan məmurlar gec-tez büdcə vəsaitinə əl uzadır və ya korrupsiya əməllərinə bulaşırlar. Ona görə də məsələyə tək hüquq-mühafizə orqanları tərəfindən deyil, kompleks şəkildə baxmaq lazımdır. Sistem və idarəetmə islahatları vasitəsilə korrupsiyaya qarşı mübarizə aparmaq vacibdir”.
Zaira Akifqızı, Globalinfo.az