Bu rayonlarda yol təmirinə pul ayrıldı

Şabran rayonunda yol təmirinə 1 milyon manat ayrılıb.

Globalinfo.az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla dörd min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi (11 km)-Ağalıq-Daşlıyataq-Günəşli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3720 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.31.25-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 1 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

X X X

Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yolları əsaslı təmir olunacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə 350,0 min manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.