Bu qurumların məhkəmə çəkişməsi “Elektron məhkəmə” bazasına yerləşdirilməyib

 

“Xatırladıram ki, son bir-iki ildə özəl provayderlər üçün bir qədər münbit şərait yaranandan, onların sayı kəskin artandan sonra Aztelekom provayderlərin istifadə etdikləri dövlətə məxsus olan rabitə resurslarının tariflərini qəflətən bir neçə dəfə artırmışdı. Özəl provayderlərin şikayəti əsasında Antiinhisar yarım il olardı ki, bu məsələni araşdırırdı. Bir müddət öncə Antiinhisar Dövlət Xidməti haqlı olaraq Aztelekom-a qarşı antiinhisar qanunvericiliyin pozulması çərçivəsində qərar qəbul edib, onu cərimələyib və provayderlər üçün müəyyən etdiyi yüksək tarifləri ləğv edib”.

Globalinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O bildirib ki, Aztelekom bununla razılaşmayıb, Antiinhisarın bu qərarını məhkəmə səviyyəsində mübahisələndirib:

“Bakı İnzibati Məhkəməsində bu işə baxılacaq. Aztelekom hələlik provayderlərdən məhz özünün müəyyən etdiyi yüksək tariflər əsasında ödənişlər toplayır. Əlbəttə, dövlətdən resurs əldə edə bilməyən, xarici banklardan kredit hesabına bütün ölkə üzrə nəhəng, faydalı bir fiber-optik infrastruktur quran Aztelekom-un krediti tez geri qaytarmaq səyləri anlaşılandır. Amma dərhal qeyd etmək istərdim ki, dövlətə məxsus rabitə resurslarına sahib olan bir təbii inhisar subyekti olaraq həm internet bazarında magistral xidmətlər verən, həm də pərakəndə internet xidməti göstərən Aztelekom-un İSP-lər üçün tarifləri yüksəltməyi məntiqli deyil, ədalətsizdir və mövcud normalara ziddir”.

O.Gündüz maraqlı məsələyə toxunub:

“Burada maraqlı məqam həm də odur ki, “Aztelekom Antiinhisara qarşı” məhkəmə çəkişməsi hansısa səbəbdən “Elektron məhkəmə” bazasına yerləşdirilməyib. Ümid edirəm cavabdehlər bunu araşdıracaqlar”.

Zaira Akifqızı
Globalinfo.az