“Bu qədər yeyintini bir idarə rəisi özbaşına edə bilməz” – Deputat Fazil Mustafa

Millət vəkili, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa Globalinfo.az-a müsahibə verib. Müsahibəni təqdim edirik:

– Fazil bəy, Naxçıvanda keçirilən antikorrupsiya tədbirləri bir müddətdir ki, ölkə gündəmini zəbt edib. Baş verənlər ən müxtəlif baxış bucağından dəyərləndirilir, fərqli versiyalar irəli sürülür. Əsas rəy budur ki, sözügedən əməliyyat iqtisadi yox, siyasi hadisədir. Siz necə düşünürsünüz?

–  Proseslərin hansı niyyətlə həyata keçirilməsi hələlik məlum deyil. Bununla bağlı rəsmi açıqlama verilmədiyinə görə, öz hipotezlərimizi irəli sürüb müxtəlif proqnozlar vermək doğru olmaz. Bu, ümumilikdə prosesə obyektiv baxış da sayıla bilməz. Niyə məhz indi başladığına dair də konkret bir fikrə sahib deyilik. Lakin bütün hallarda antikorrupsiya tədbirlərinin həyata keçirilməsi lazım idi. Bu gün bir çox sahədə yenilənməyə ehtiyac var. Əgər Naxçıvanda bu proseslər başlayıbsa, digər qurumlarda da baş verə bilər.

– Digər qurumlar deyərkən konkret hansı qurumları nəzərdə tutursunuz?

–  Misal üçün, Müdafiə Nazirliyi. Türkiyəli general-polkovnik Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri vəzifəsinə təyin edilməsi çox ciddi hadisədir. Bu o deməkdir ki, bundan sonra bir də Tərtər hadisələri yaşanmayacaq. Bundan başqa, bu gün Müdafiə Nazirliyində yeyinti halları baş verir. Bu qədər yeyintini bir idarə rəisi özbaşına edə bilməz. Hesab edirəm, Bəxtiyar Ersayın Azərbaycan müdafiə nazirinin müşaviri təyin edilməsi nazirlikdə yeyinti hallarının qarşısını alacaq. Müdafiə Nazirliyində Rusiya xüsusi xidmət orqanları ilə əlaqəli keçmiş rəhbər şəxslərin böyük bir şəbəkəsi mövcuddur. Onları üzə çıxarmağın vaxtıdır. Düzdür, müəyyən addımlar atılır, lakin pərakəndədir. Türk paşanın gəlişi bu baxımdan da müsbət haldır.

– Bəs növbəti addım nə olacaq? Dövlət yeni ildən hansı dəyişikliklərə, radikal islahatlara gedəcək?

– 2023-cü illə bağlı indidən proqnoz vermək çox çətindir. Qeyd etdiyim kimi bu gün yeniləşmə prosesi başlayıbsa, əlbəttə ki, bu, digər qurumlarda da baş verə bilər. Baş verən prosesləri anlamaq lazımdır. Əgər bu sadəcə kadr dəyişikliyi idisə, bunu sadə formada etmək olardı. Bu korrupsiyanın qarşısını almaq üçün idisə, bunun da başqa formaları vardı. Köhnə komandanın bir çox üzvü indi hansısa strukturda möhkəm imkana sahibdir. Düzdür, onların mövqeyi həm də xeyli zəifləyib. Ölkə prezidenti tərəfindən gənclərin vəzifəyə təyin edilməsi praktikası xeyli genişləndirilib. Mümkündür ki, 2023-cü ildə bu proses davam etdirilsin.

Turan Rzayev,

Globalinfo.az