Qustavo

Kolumbiya Prezidenti Qustavo Petro iyunun 21-dək vəzifəsindən müvəqqəti uzaqlaşdırıla bilər.

Globalinfo.az xəbər verir ki, bu barədə Kolumbiyanın nüfuzlu El Tiempo qəzeti məlumat yayıb.

Məlumata görə, Kolumbiya Konqresinin Nümayəndələr Palatasının İttihamlar Komissiyasının rəhbəri Qloriya Arisabaleta prezidentin vəzifəsindən uzaqlaşdırılması ilə bağlı təminat tədbirinin tətbiq olunmasına dair qərar verib.

Bildirilir ki, Petro barəsində oxşar tədbirlər əvvəllər də müzakirə olunub. Lakin onların hüquqi əsaslarının və qanuniliyinin mübahisəli olması səbəbindən hər dəfə rədd edilib.

Nəşrin məlumatına görə, iyunun 9-da komissiya prezidentin seçkiqabağı siyasi təşviqatda mümkün iştirakı ilə bağlı iki intizam araşdırmasına başlayıb. Araşdırmalardan biri onun regional parlamentdə müxalifətə qarşı sərt ittihamlar səsləndirdiyi çıxışla əlaqədardır.

Mənbələrin iddiasına əsasən, dövlət başçısının təmsil olunduğu siyasi qüvvənin nümayəndəsi tərəfindən irəli sürülən bu qərar Petroya hakim koalisiyanın prezidentliyə namizədi İvan Sepedanın seçki kampaniyasında daha fəal iştirak etmək imkanı yarada bilər. Belə ki, vəzifədən müvəqqəti uzaqlaşdırılması halında dövlət başçısı statusundan irəli gələn bəzi məhdudiyyətlər ona şamil olunmayacaq.

Qeyd edək ki, Kolumbiyada prezident seçkilərinin ilk turu 31 may 2026-cı ildə keçirilib. İkinci turun isə iyunun 21-də baş tutacağı gözlənilir. Qustavo Petro Konstitusiyaya əsasən ardıcıl ikinci müddətə namizədliyini irəli sürə bilməz.
İlkin nəticələrə görə, hakim koalisiyanın namizədi İvan Sepeda səslərin 40,9 faizini toplayıb. Müxalifətin “Vətən naminə qətiyyətlə” partiyasının namizədi Abelardo de la Espriella isə 43,7 faiz səslə seçki yarışında liderdir.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: