Usaq ovlad qiz telefon 1

“Sosial şəbəkələr alternativ yox, gerçək həyatın özüdür, fərqli dəyərlər sistemi aşılayır, bəzən isə həm böyükləri, həm də uşaqları qurbana çevirir. Rəqəmsal platformalara qoşulmanın yaş həddinin qanunla tənzimləməsi dünya ölkələrindəki təcrübə ilə tanışlığı tələb edir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisinin insan hüquqları, ailə, qadın və uşaq məsələləri və hüquq siyasəti və dövlət quruculuğu komitələrinin iclasında bildirib.

Milli Məclis son illərdə uşaqların rəqəmsal mühitdə zərərli informasiyalardan  qorunmasına dair ardıcıl və sistemli qərarlar qəbul edib. Yeni qanun layihəsi həmin siyasətin davamı, eyni zamanda keyfiyyətcə yeni mərhələsidir”, – deyə o bildirib.

Millət vəkili xarici ölkələrlə bağlı təcrübəni də bölüşüb:

Avstraliya 2024-ci ilin noyabrında 16 yaşdan aşağı uşaqlar üçün sosial media qadağasını qanunla qəbul edən ilk ölkə oldu və  “Online Safety Act” – Onlayn Təhlükəsizlik Haqqında Qanun platforma provayderlərinə zərərli məzmuna görə 49,5 milyon avstraliya dollarına qədər cərimə tətbiq etdi.

Fransa Uşaq Kiberqoruma Qanunu, yəni, 2023-cü ildə Rəqəmsal Yetkinlik Yaşı haqqında aktı qəbul etdi. Nəticədə 15 yaşdan aşağı uşaqlar sosial şəbəkə platformalarına qoşulmaq üçün valideyn razılığı almağa məcburdur. Fransız qanunu texnoloji yaş doğrulama sistemlərinin istifadəsini platformalardan tələb edir. Qanunun tətbiqindən keçən qısa müddət ərzində, 11-14 yaş qrupunda sosial media istifadə müddəti orta hesabla 27 faiz azalıb.

İspaniya 2023-cü ildə uşaqların onlayn müdafiəsinə dair qanununu yeniləyərək, sosial mediaya qoşulmanın yaş həddi kimi 16-nı müəyyən etdi. Platforma qeydiyyat prosedurlarında valideyn razılığı sistemlərinin tətbiqi məcburi normaya çevrildi, çünki 2021-ci ildə baş vermiş bir sıra uşaq intihar hadisəsi sosial media bulinqi ilə bağlı idi.

Böyük Britaniya 2021-ci ildə “Age Appropriate Design Code” – yəni, Yaşa Uyğun Dizayn Kodeksi adlandırılan qaydalar toplusunu tətbiq etdi. Sənəd, texnoloji şirkətlərə 18 yaşdan aşağı istifadəçilər üçün platformanı konfidensiallığın uşaqlar üçün maksimum həddə olması, lokasiya məlumatlarının paylaşılmaması, profilə icazəsiz girişin bloklanması kimi tələblər qoydu.

ABŞ-da çoxşaxəli mübarizə tətbiq edilir, yəni federal səviyyədə uşaqların onlayn məlumatlarını qoruyur. Bir sıra ştatlar – Florida, Texas, Karolina – 14 və ya 16 yaşdan kiçik uşaqlar üçün sosial media istifadəsini məhdudlaşdıran ayrıca qanunlar qəbul etdi.

Çin sahədə ən sərt tənzimləmə mexanizmlərindən birini – 18 yaşdan kiçik uşaqlar üçün həftə içi gecə saatlarında oyun oynamaq və sosial media istifadəsini birbaşa qadağan edib. Real adla qeydiyyat sistemi bütün rəqəmsal platformalarda məcburidir. Tədbirlərin nəticəsində oyun asılılığı 50 faiz azalıb”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: