1732352914 5336804647387658004

Ordubadın kəndində görünən canavar sürüsü sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu, ilk növbədə insanların həyatı üçün təhlükədir. Sirr deyil ki, uşaq, qadın, hətta kişi belə onların qarşısına çıxsa, parçalayarlar. Qanun canavarı odlu silahla vurmağı qadağan edir.

Bəs bu cür vəziyyətlə üzləşən kənd sakinləri nə etməlidirlər?

Globalinfo.az-a danışan Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov deyib ki, vəhşi heyvanlar yaşayış məntəqəsinə və ya mal-qaraya hücum edirsə, əhalinin təhlükəsizliyinə, kənd təsərrüfatı heyvanlarına ciddi təhdid yaradırsa, bu zaman vətəndaş özünü və təsərrüfatını qorumaq hüququna malikdir.

IMG 20241125 WA0025 1

Bəhruz Məhəmmədov

Onun sözlərinə görə, canavar və çaqqalların kəndlərə, insanlara hücumları ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə və onun yerli qurumuna rəsmi müraciət daxil olduqda nazirliyin aidiyyəti qurumlarının mütəxəssisləri və ovçulardan ibarət işçi qruplar yaradılır:

“Qruplar insanlara təhlükə yaradan heyvanların ərazidən uzaqlaşdırılması üçün hürküdücü vasitələr tətbiq edir, yırtıcıların sayının tənzimlənməsini diqqətdə saxlayır, zərurət yarandığı təqdirdə müvafiq tədbirlər görür. Qeyd edim ki, vəhşi heyvanlar mal-qaraya və insana hücum edərsə, o adam özünümüdafiə məqsədilə heyvanı vura bilər. Belə halda həmin şəxsə qanun pozuntusu şamil edilmir və bu zaman o, istənilən məsuliyyətdən azaddır. Əgər vəhşi heyvan təqib edilərək vurulursa, ovlanırsa, bu artıq müvafiq məsuliyyət yaradır”.

Zaira Akifqızı

Globalinfo.az

Paylaş: