Bu istiqamətlər üzrə onlayn avtobus biletləri satılır – FOTO

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) xidmətlərinin elektronlaşdırılması, nəqliyyat sahəsində rəqəmsal transformasiyanın təmin edilməsi istiqamətində aparılan işlər çərçivəsində “biletim.az” portalına daha bir neçə məntəqə əlavə edilib.

Globalinfo.az bildirir ki, sərnişinlər artıq Bakıdan Siyəzən və Sabirabada, eləcə də Sumqayıtdan Xudata və əks-istiqamətlərə hərəkət edən avtobuslara onlayn bilet ala bilərlər.

“Həmçinin portala daha əvvəl mövcud olan Bakı – Şabran, Bakı – Ağcabədi və Bakı – Oğuz marşrutları üzrə əlavə reyslər daxil edilib.

Artıq “biletim.az” portalında 45 şəhər və rayona 68 istiqamət üzrə bilet almaq mümkündür. Onlayn bilet sistemi sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları mərhələli şəkildə əhatə edəcək. Hazırda sistemə qoşulan daşıyıcıların sayı 131, nəqliyyat vasitələrinin sayı isə 295-dir”, – deyə məlumatda bildirilib.

Qeyd edək ki, portal vaxta qənaət, müştəri məmnuniyyətinin təmin edilməsi, ölkədə nağdsız ödəniş dövriyyəsinin artırılması baxımından bir sıra üstünlüklərə malikdir.

Bilet əldə etmək üçün sərnişinlər “biletim.az” saytına daxil olmalı və qeydiyyatdan keçməlidirlər. Mobil cihazlar üçün “Biletim” mobil tətbiqini “App Store” və “Google Play”dən yükləmək mümkündür.

Daha 3 istiqamət üzrə onlayn avtobus biletləri almaq mümkün olub