Son illərdə faydalı istismar müddətini başa vurduğundan və bununla müştərisi olmadığından bir sıra gəmilər istismardan çıxarılıb.
Globalinfo.az ASCO-ya istinadən xəbər verir ki, mütəmadi şəkildə aparılan qiymətləndirməyə uyğun olaraq, köhnə gəmilərin istismardan çıxarılması səbəbilə balansda olan gəmi sayının əvvəlki illərə nisbətən aşağı düşəcəyi gözlənilir.
Qeyd edilib ki, “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunun son illərdə daha çox investisiya qoyuluşları edilərək texniki vəziyyətinin yaxşılaşdırılması və istehsalatın modernləşdirilməsi, “Bibiheybət” GTZ-də isə bundan sonra əlavə kapital qoyuluşlarına ehtiyacın olması, bunlarla yanaşı ölkədə təmir və tikinti işlərini təmin edə bilən Bakı Gəmiqayırma Zavodu (BGZ) kimi müasir zavodun mövcudluğu nəzərə alınaraq, “Bibiheybət” GTZ-nin təmir portfelinin BGZ-yə köçürülməsi/relokasiyası optimal təklif kimi müəyyən olunub: “Təbii ki, bu proses zamanı zavodda çalışan əməkdaşlarımızın hüquqları və mövcud iş yerləri tam nəzərə alınacaq, onlara uyğun imkanlar yaradılacaqdır. Bununla bağlı ASCO rəhbərliyi də işçilərlə görüş keçirib, onların narahatlıqlarını dinləyib və diqqətlərinə çatdırıb ki, heç bir işçi bu proses zamanı ixtisara məruz qalmayacaq, hər bir addım şəffaf şəkildə həyata keçiriləcəkdir”.