“Paşinyan dedi ki, mən buradan gedirəm, Əliyev gələcək” – VİDEO

“Təkcə Qarabağ və ətraf ərazilərdə deyil, daha böyük coğrafiyalarda itirdiyimiz tarixi yurd yerlərinin qaytarılması İlham Əliyevi son 3 əsrin qəhrəmanına çevirir”.

Globalinfo.az xəbər verir ki, bunu deputat Zahid Oruc Milli Məclisin aprelin 23-də keçirilən iclasında deyib.

Deputat bildirib ki, bir kənd – Nüvədinin itirilməsi ilə Naxçıvanın Azərbaycandan ayrı düşməsi tarixi reallığı, indi qaytarılan 4 kəndin ərazisindən daha böyük mənəvi-siyasi və hərbi-təhlükəsizlik əhəmiyyətini sübut edir.

Z.Oruc Avropa Parlamentinin Azərbaycanla bağlı son addımlarına diqqət çəkib:

“Qarabağ işğal olunub” deyən Avropa Parlamenti, Fransadan fərqli olaraq, 19 aprel razılaşması Qərbin əleyhimizə apardığı etnik təmizləmə və ilhaq kampaniyasına da zərbə vurur, “Azərbaycanın Ermənistana hücum edəcəyi”nə dair son 6 ayda tirajlanan dezinformasiyaları alt-üst edir. Ona görə sazişi BMT Baş katibi, ABŞ Dövlət katibi, Avropa İttifaqının rəhbərləri və onlarla ölkənin xarici siyasət idarəsi də alqışlamalı oldu. Ermənistanın siyasi qətnamə və silahlarla təchizinin Azərbaycana qarşı olmadığını, “İrəvan müharibəyə hazırlaşırsa, niyə 4 kəndi sülh yolu ilə qaytarır” deyənlər bilsin ki, Paşinyanı belə addıma vadar edən 44 üstəgəl bir gündür”.

Deputat Nikol Paşinyanın Qazaxın kəndləri ilə bağlı bəyanatına münasibət bildirib:

“Şuşa və Xankəndi Zəfərinin, bütövlüyümüzün memarının məhz Ulu öndər olduğunu deyərkən dünən Kremldə Heydər Əliyevin misilsiz xidmətlərinin vurğulanmasını XXI əsrin qlobal siyasətini müəyyən edən Baykal Amur Magistralının Zəngəzur dəhlizi ilə birləşəcəyini, nəhəng Şimal-Cənub marşrutuna da yaşıl işıq salacağını qürurla söyləməliyik!

Əlbəttə, kəndlərin qaytarılmasına ya bütövlükdə, ya da birtərəfli olduğu üçün etiraz edən “26 sentyabr beyinli”lərə də Paşinyanın dili ilə cavab verməliyik. Erməni Baş nazir Bakının ultimatumunu son bir ayda iki dəfə Tavuş camaatına çatdırarkən xəbərdar etdi ki, əgər razılaşmasanız, regionda partlayış olacaq. Yəni, sadə dilə çevirsək, Paşinyan demək istəmişdi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”.

Ayşən Mustafa
Globalinfo.az