Bu iki vacib amil Paşinyanı hakimiyyətdə saxlayır – Köçəryan

“Ermənistanda indiki hakimiyyət qalsa, mövcud problemlərin heç biri həll olunmayacaq”.

Globalinfo.az xəbər veri ki, bunu “Ermənistan” fraksiyasının üzvü Levon Köçəryan deyib.

O bildirib ki, 2018-ci ildən bu yana baş verən hadisələri və indiki hakimiyyətin iş tərzini təhlil edərkən heç nəyin əbəs olmadığı açıq-aşkar görünür. Baş verənlər onların əməllərinin nəticəsidir. Əgər Paşinyan hakimiyyətdə qalsa, bu geriləmə davam edəcək.

“Bizim məqsədimiz hakimiyyət dəyişikliyinə nail olacağımız gücü formalaşdırmaqdır. Bir çox insanlar küçələrə çıxmalı olduğumuzu düşünürlər. Lakin bu mərhələyə çatmazdan əvvəl hamımızın görməli olduğu daha vacib işlər var. Bu, bizim son məqsədimizə aparan vasitə olmalıdır. Hazırkı iqtidarı ayaqda saxlayan iki amil var. Biri yalan, digəri isə cəmiyyətdə qorxu atmosferi yaratmaqdır. Paşinyan administrasiyası özündən əvvəlki üç hakimiyyətdən daha çox səhvə və qanunsuzluğa yol verib”, – Köçəryan bildirib.

Onun sözlərinə görə, müxalifət meydanındakı qüvvələr şəxsi ambisiyalarını bir kənara qoysalar, konsolidasiya mümkün ola bilər.

“Çoxillik təcrübəmizlə göstərdik ki, biz buna hazırıq və hadisələrin mərkəzində ola bilərik. Mən görsəm ki, namizəd var və onun yanında dayansaq əsas məqsədə daha asan nail olacağıq, o zaman həmin qüvvənin yanında qərarlaşacam”, – Levon Köçəryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az