İran-İsrail gərginliyinin artması iqtisadi sferada dalğalanmalara səbəb olub. Bəzi ekspertlər hesab edir ki, vəziyyətin gərginləşməsi dünya bazarında neftin, qazın qiymətinə təsir edəcək. Digər məhsullarda da qiymətlərin artımı gözlənilir.
Əsas daşımaçılıq xətlərindən biri də Bəndər-Abbas körfəzidir. Bu körfəz İran ərazisində yerləşir. O zaman qlobal və regional iqtisadiyyatda müəyyən dalğalanmaların olacağı istisna edilmir.
Yaxın Şərqdə gərginliyin Azərbaycana hansı təsirləri ola bilər? Neft və qazın qiyməti bu gərginlik, qarşıdurma fonunda artacaqmı?
Ümumiyyətlə, İranla bağlı proseslər dünya iqtisadiyyatına nə kimi təsir göstərir, göstərəcək? Bəndər-Abbas boğazı Azərbaycan üçün nə deməkdir? Bizim ordan asılılığımız, ticari dövriyyəmiz, idxal və ixrac əməliyyatımız hansı həcmdədir?
Globalinfo.az-a danışan iqtisadçı ekspert Fikrət Yusifov deyib ki, Yaxın Şərqdə baş verən hadisələr dünya iqtisadiyyatına yaxşı heç nə vəd etmir:
“Görünən budur ki, hələ ki, bir çox siyasilər bu hadisələrin bəşəriyyəti hara sürüklədiyinin o qədər də fərqində ola bilmirlər. Lakin məsələ üzdə göründüyündən daha dərin və daha ciddidir.
İranda HƏMAS liderinin öldürülməsi sıradan bir hadisə deyil. Bunu edənlər İrana müharibə elan etdilər desək, yanılmarıq. İndi İran İsrailin törətdiyi bu hadisənin cavabını hər hansı bir formada verməyə çalışacaq.
Lakin sual olunur: İranın buna gücü yetərlidirmi?
Fikrət Yusifov
Bir neçə ay bundan öncə İran öz hərbi gücünü İsrail ərazisinə yüzlərlə raket və dron hücumları zamanı bütün dünyaya nümayiş etdirmişdi. Yəqin ki, dünya hərb tarixində indiyə qədər belə gülünc səhnə yaşanmamışdı. Hücum zamanı yalnız bir raket İsrail ərazisində hərbi bazanın yoluna düşərək partlamışdı. Digərləri isə havada məhv edilmişdi. İndi də İran yenidən İsrailə “hücuma” hazırlaşır. Ancaq nə ilə, hansı silahlarla?
Görünür, İsrail İranda HƏMAS liderini öldürməklə İranı təxribata çəkmək istəyir. İsrail başlatdığı müharibəni bitirmək deyil, yeni fazaya daşımaq üçün çalışır. İsrail baş naziri Benyamin Netanyahu yaxşı bilir ki, müharibənin dayandırılması onun üçün ölümə bərabər olacaq. Çünki HƏMAS-ın İsrailə hücumlarından öncə İsrail kəşfiyyat xidmətləri Netanyahunu bu hücumun baş verəcəyi ilə bağlı rəsmi xəbərdar etmişdilər. Lakin baş nazir bununla bağlı heç bir qabaqlayıcı tədbirlər görməmişdi. Müharibə dayanan kimi İsraildə Netanyahu baş vermiş hücumun qarşısını nədən vaxtında almaması ilə bağlı suallara hüquqi müstəvidə aydınlıq gətirməli olacaqdır. Bu səbəbdən onun geriyə yolu yoxdur. İsrail hökuməti bu gün hətta ABŞ-ın çağırışlarına belə məhəl qoymadan hərbi əməliyyatları genişləndirməkdə davam edir. Bir sözlə, Üçüncü Dünya müharibəsinin ərəfəsindəyik.
O ki qaldı Bəndər-Abbas körfəzi məsələsinə, Azərbaycan praktiki olaraq buradan daşımalar etmir. Bu liman daha çox İran üçün vacib sayılır. Yəni Tehran daxili yüklərini bu liman ilə dünya bazarına çıxarır. Bununla belə tərəflər arasında gərginlik böyüsə bu dünya bazarında qiymətlərə təsir edəcək”.
Turan Rzayev
Globalinfo.az