Xəbər verdiyimiz kimi, “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov bu gün vəfat edib.
Globalinfo.az Tağı Əhmədovun dosyesini təqdim edir:
Tağı Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Güney Qışlaq kəndində anadan olub. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1977-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə isə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.
O, 1965-ci ildən “Badamlı” zavodunda fəhlə, 1970–1994-cü illərdə “Bakı Metropoliteni”nin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994–1998-ci illərdə tunel qurğuları xidmətinin rəisi işləyib.
T.Əhmədov 1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantı, texnika elmləri namizədi olub.
Tağı Əhmədov 1998–2014-cü illərdə “Bakı Metropoliteni”nin rəisi vəzifəsində çalışıb. “Tunellərin zəlzələyə davamlılığı” mövzusunda tədqiqat işi aparıb.
O, “Fəxri Dəmiryolçu”, “Bakı meropoliteni veteranı” döş nişanları, “Şöhrət ordeni” və “Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib.
2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı metropolitenini dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə “Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri olub.
Tağı Əhmədov təkcə metro rəisi yox, həm də qələm əhli olub. O, Tağı Sadiq təxəllüsü ilə şeirlər yazıb. Məlum olan şeirlərinin əksəriyyətinə mahnılar bəstələnib.
O, bu əsərlərin müəllifidir:
Tağı Sadiq — poetik ruhu.
Tağı Sadiq — rübailər
“Bir ömrün işığı”
2009-cu ildə sözləri Tağı Sadiqə, musiqiləri Zamiq Əliyevə məxsus olan “Vurulmuşam” və “Tarzən” adlı albom-disklər buraxılıb.
Hakim Yeni Azərbaycan Partiyasının şərəfinə çəkilən “YAP partiyası” musiqili klipində də sözlər Tağı Sadiqə məxsusdur.
Ailəlidir, 2 övladı var.
Qeyd edək ki, Tağı Əhmədov son illərdə yüksək qan təzyiqindən, şəkərdən və digər xəstəliklərdən əziyyət çəkib. Bu gün 75 yaşında vəfat edib.