“Bu, Ermənistanın parçalanmasının başlanğıcıdır” – erməni siyasətçi


“Nikol Paşinyan Qarabağ məsələsinin bitəcəyi təqdirdə Ermənistanın sülh içində yaşayacağını hesab edir və buna çalışır. Amma bu, Ermənistanın parçalanmasının başlanğıcıdır”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri Ermənistan Respublika Partiyasının (ERP) sədr müavini Armen Aşotyan qeyd edib.

“Əvvəllər bir çox ölkə “erməni soyqırımı” ilə bağlı bəyanatlar verirdi, indi bunu görə bilmirik. Doğrudur, dünya “artsax”ı tanımır, onun dediyi kimi bu məsələdən əl çəkək. Bir gün Paşinyan deyəcək ki, Türkiyə “erməni soyqırımı”nı tanımır. Bunu unudaq”, –  A.Aşotyan bildirib.

Qeyd edək ki, Laçın yolunda nəzarət-keçid məntəqəsinin qurulması erməni ictimaiyyətində baş nazir Nikol Paşinyanın Azərbaycanla razılıq əldə etməsi kimi qiymətləndirilib. Baş nazirin Qarabağ məsələsini tamamilə həllinə razılıq verərək Azərbaycan və Türkiyə ilə münasibətlər formalaşdırmağa çalışdığı bildirilir.

Ayşən Mustafa
Globalinfo.az