Erməninin sözlərinə Bakıdan dəstək gəldi: “Düz deyir”

Erməni analitik Tevos Arşakyan deyib ki, Azərbaycanla yeni müharibə başlasa nə Qərb Ermənistanın köməyinə gələcək, nə Rusiya onları müdafiə edəcək.

“Parisin yardımı bölgədəki güc balansını heç bir şəkildə dəyişdirməyəcək. Fransanın bütün vədləri Makronun kiçik silah müqaviləsi ilə məhdudlaşır. Fransa, şübhəsiz ki, Ermənistana kömək üçün öz qoşunlarını göndərməyəcək” – Arşakyan deyib.

Analitik Paşinyanın Rusiyanı Fransaya dəyişməsini riskli addım adlandırıb.

Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Ermənistan bu gün çətin və qəliz geopolitik oyunlar oynayır:

“İrəvanın məsuliyyətsizcəsinə oynadığı oyunlar Cənubi Qafqazı ciddi təhlükə qarşısında qoyur. Maraqlıdır ki, bu həm də Ermənistanın özünü çıxılmaz vəziyyətə salır.

Bu gün faktiki olaraq regionda baş verə biləcək ehtimal qarşıdurma zamanı İrəvanın edə biləcəyi heç nə yoxdur. Güman edirəm ki, bu məsələdə erməni ekspertlər içərisində aydın fikirli şəxslər var. Paşinyan və onun siyasi qərar vericiləri bu ekspertlərin fikirlərini diqqətə alıb xarici siyasət kursunu yenidən formalaşdırmalıdır.

İstənilən halda Ermənistan və Fransa arasındakı münasibətlərin bu həddə çatması Parisin erməni sevgisi ilə bağlı deyil. Paris açıq şəkildə İrəvan üzərindən regionda təsir gücünü artırmaq, hətta Rusiyanı sıxışdırmaq istəyir. Bunu isə ümumqərb maraqları adı altında pərdələyir. Təbii ki, Rusiyanın regionda maraqlarının təhlükəyə düşməsi də Kremli narahat edir. Narahatlıqdan əlavə, Moskva həm də aqresivləşir.

Tevoş Arşakyan prinsip etibarilə həqiqətləri deyir. Doğrudan da Fransa hansısa formada Ermənistana yardım etməyəcək. Ehtimal qarşıdurma zamanı fransız ordusu Cənubi Qafqaza gəlib Ermənistan üçün döyüşməyəcək”.

Turan Rzayev
Globalinfo.az