Bu detal Ukraynadakı müharibənin taleyini dəyişə bilər – Şərh

“Britaniya kəşfiyyatının məlumatına görə, Rusiyada səfərbərliyin növbəti dalğasının elan olunması ehtimalı yüksək olaraq qalır. Məlumatda göstərilib ki, Rusiyanın hərbi-siyasi rəhbərliyi bir tərəfdən daxili narazılığı minimuma endirməyə çalışır, digər tərəfdən isə Ukraynanın gözlənilən əks-hücum əməliyyatlarının qarşısını almağa səy göstərir”.

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Novruzov deyib.

O qeyd edib ki, Rusiya orduda şəxsi heyətin sayını artırmaq üçün yollar axtarır:

“Rusiyanın imkanları getdikcə tükənir. Bu, özünü daha çox şəxsi heyətin sürətlə məhv olunmasında göstərir. Belə ki, Ukraynanın məlumatına görə, Rusiya ordusu hər gün təxminən 1000 nəfər itki verir. Əlbəttə, bu, ciddi göstəricidir. “Vaqner”çilər Rusiya ordusunun itkilərini kompensasiya edə bilmirlər”.

Ekspertin sözlərinə görə, qarşıdakı aylarda müxtəlif Qərb dövlətləri, o cümlədən Almaniya, Polşa, Britaniya Ukraynaya ağır tanklar verəcəklər. Ondan sonra isə Rusiyanın işi daha da çətinləşəcək:

“Məhz ağır tanklar sayəsində döyüş meydanındakı durum Kiyevin xeyrinə dəyişə bilər. Moskva bunu başa düşür. Ona görə də Rusiya tankların Ukraynaya təhvil verilməsinə kimi növbəti hücumlara keçməyə tələsir.

Digər tərəfdən, fevralın 24-də müharibənin ildönümü tamam olacaq. Həmin tarixə bir aydan da az vaxt qalıb. Rusiya fevralın 24-dək döyüş meydanında müəyyən uğur əldə etməyə çalışacaq. Bu, həm daxili, həm də beynəlxalq ictimai rəyi formalaşdırmaq üçün Kremlə lazımdır. Hər iki məqam onu deməyə əsas verir ki, qarşıdakı həftələrdə Rusiyada səfərbərliyin növbəti dalğası elan olunacaq”.

Gülnar Səlimova
Globalinfo.az