7149a922 ce3c 44ba bb95 822c3f91cee6 2

Bakı şəhərində keçirilən Dünya Şəhərsalma Forumunda iqlim dəyişikliyi, dayanıqlı şəhər inkişafı və gələcəyin davamlı şəhərləri ilə bağlı üç əsas mesaj xüsusi vurğulanıb”.

Globalinfo.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində çıxışı zamanı İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelin (IPCC) III İşçi Qrupunun sədr müavini Şiir Kılkış səsləndirib.
O, əsas mesajları belə açıqlayıb:

“Birinci əsas mesaj ondan ibarətdir ki, iqlim elmi qlobal istiləşmənin hər əlavə artımı ilə bağlı ciddi xəbərdarlıqlar edir və gələcək üçün mümkün fəaliyyət istiqamətlərini göstərir. IPCC-nin nəticələri göstərir ki, ekstremal hava hadisələri hər əlavə istiləşmə səviyyəsi ilə daha tez-tez və daha intensiv baş verir. Buraya temperatur ekstremalları, quru ərazilərdə güclü yağıntılar, həmçinin quraq bölgələrdə kənd təsərrüfatı və ekoloji quraqlıqlar daxildir”.

Kılkış bildirib ki, insan təsiri olmayan iqlim şəraiti ilə müqayisədə bu cür ekstremal hadisələr artıq 2,8 dəfə daha tez-tez baş verir və daha dağıdıcı xarakter daşıyır:

“Məlum olur ki, gələcəkdə qlobal istiləşmənin hər yeni səviyyəsi ilə bu risklər daha da artacaq. Buna görə də iqlim dəyişikliyinin yaratdığı əlavə təsirlərin qarşısını almaq üçün qlobal istiləşməyə səbəb olan istixana qazı emissiyalarının azaldılması həyati əhəmiyyət daşıyır.

Şəhər səviyyəsində isə uyğunlaşma tədbirlərinin miqyası genişlənir. Buraya erkən xəbərdarlıq sistemləri və dayanıqlılıq strategiyaları da daxildir. Şəhərlər həm mövcud emissiyaların yüksək olması, həm də azaldılma potensialına görə iqlim siyasətində əsas rol oynayır”.

Ekspert qeyd edib ki, digər vacib məqam şəhər sistemlərinin müxtəlif azaldılma imkanlarının birləşdiyi mərkəzlər olmasıdır:

“Nəqliyyat, enerji, tikinti, torpaq istifadəsi və davranış dəyişiklikləri üzrə inteqrasiya olunmuş tədbirlər bir-birini tamamlayaraq çoxşaxəli müsbət təsirlər yaradır”.

Onun sözlərinə görə, ikinci əsas mesaj dayanıqlı və inteqrasiya olunmuş şəhər planlaşdırılmasının qlobal istiləşmənin məhdudlaşdırılması, uyğunlaşmanın gücləndirilməsi və insanların rifahının artırılması baxımından vacib olmasıdır:

“Araşdırmalara əsasən, şəhərlər plansız üfüqi genişlənmə əvəzinə kompakt inkişaf modelini seçərsə, əlavə olaraq təxminən 220 milyon insan içməli su xidmətlərinə, 190 milyon insan isə kanalizasiya xidmətlərinə çıxış əldə edə bilər”.

Kılkış vurğulayıb ki, üçüncü əsas mesaj iqlim elmi ilə dayanıqlı şəhər planlaşdırılması arasında daha güclü və praktik əlaqələrin qurulmasının mümkün və vacib olmasıdır”.

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: