Bu baş versə, Rusiya ərazi itkiləri yaşayacaq – Hərbi ekspert

Fransa müdafiə naziri Sebastyan Lekornyu Ukraynaya xəbərdarlıq edərək bildirib ki, Rusiya qışda müharibə taktikasını dəyişə bilər. O qeyd edib ki, Moskva quru əməliyyatlarından hava hücumlarına keçid edə bilər:

“Rusiyanın son zərbələrinin intensivliyi zəifdir. Qarşıdan qış gəlir və bu, yerüstü manevrləri çətinləşdirir. Rusiyalılar bu zərbələri mülki enerji obyektlərinə yönəldəcəklər. Xersonda onlar məğlub oldular. Onların geri çəkilməsi taktiki xarakter daşıyırdı ki, bu da minlərlə rusiyalının əsir düşməsinin qarşısının alınmasını və Dnepr boyunca müdafiə xəttinin dondurulmasını nəzərdə tuturdu”.

Hərbi ekspert Ədalət Verdiyev Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə Globalinfo.az-a açıqlamasında deyib ki, Rusiya yaxın perspektivdə yerüstü əməliyyatların keçirilməsində müəyyən problemlərlə qarşılaşacaq:

“Bu problemlər Xersondan rus qoşunlarının çıxması ilə artıq daha aşkar şəkildə müşahidə olunmaqdadır. Əgər Ukraynaya söz verilən uzaqmənzilli hava hücumundan müdafiə sistemləri və aviasiya vasitələri zamanında çatdırılarsa, o zaman Rusiyanın yeni ildə və sonrakı aylarda daha çox ərazi itkiləri ilə qarşılaşacağı şübhəsizdir”.

Gülnar Səlimova
Globalinfo.az