Azərbaycan güllə atmadan həmin əraziləri alacaq – Hambaryan

“Qərb Paşinyanı aldadıb və onu Azərbaycanın ərazi bütövlüyünü tanıyan sənədi imzalamağa məcbur edib”.

Globalinfo.az xarici mediaya istinadən xəbər verir ki, bu fikiri erməni politoloq Qagik Hambaryan səsləndirib.

O bildirib ki, Avropa Şurasının rəhbəri Şarl Mişel prosesləri kənardan imzləməyə üstünlük verir:

“Paşinyan Qarabağı Azərbaycana təslim etdi. Bakı isə bəyan edir ki, sərhədlərin demarkasiyası və delimitasiyası olmadan sülh müqaviləsi imzalana bilər. Bu, o deməkdir ki, Azərbaycan öz qoşunlarını Ermənistanın daxilindən çıxarmayacaq. Eyni zamanda, Bakı Ermənistan qoşunlarının Azərbaycan anklavlarından çıxmasını tələb edir. Beləliklə, Azərbaycan İrəvana heç nə vermədən Ermənistandan İrana və Gürcüstana gedən yola nəzarət etməyə çalışır”, – Hambaryan vurğulayıb.

“Bakı həmçinin Zəngəzur və Dərələyəz mahalında azərbaycanlıları məskunlaşdırmağa çalışır. Azərbaycan tərəfi bunu bir güllə də atmadan həyata keçirməyə səy göstərir.  Sülh müqaviləsinin imzalanması ən yaxşı halda 10, ən pis halda isə 5 il ərzində Ermənistanın dağılmasına gətirib çıxaracaq”, – erməni politoloq qeyd edib.

Əliyar Xəlil,

Globalinfo.az