Bu agentliyin nizamnaməsi təsdiqləndi – İdarəetmə orqanı məlum oldu

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geodeziya və Kartoqrafiya Agentliyinin idarəetmə orqanı onun İdarə Heyəti olacaq.

Globalinfo.az xəbər verir ki, bu, Agentliyin bu gün Baş Nazir Əli Əsədov tərəfindən təsdiqlənmiş Nizamnaməsində öz əksini tapıb.

Sənədə əsasən, İdarə Heyəti Agentliyin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirir. İdarə Heyəti 3 üzvdən – ekologiya və təbii sərvətlər nazirinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədrdən və onun iki müavinindən ibarətdir.

İdarə Heyətinin sədri müvəqqəti olmadıqda, onun səlahiyyətlərini müvafiq əmrlə müavinlərindən biri icra edir.

***

Nazirlər Kabineti Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında “Geodeziya və Kartoqrafiya Agentliyi” publik hüquqi şəxsinin Nizamnaməsi”ni təsdiq edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” ölkə prezidentinin 27 aprel 2022-ci il tarixli fərmanının 3.1-ci bəndinin icrasını təmin etmək məqsədilə qəbul edilib.

Nizamnaməyə əsasən, Agentliyin nizamnamə fondu 872 852 manatdır. Qurumun əmlakı nizamnamə fondundan, təsisçinin verdiyi əmlakdan, həmçinin dövlət büdcəsindən ayrılan vəsaitdən, fəaliyyətindən əldə olunmuş gəlirdən, ianələrdən, qrantlardan, cəlb edilən investisiyalardan və qanunla qadağan edilməyən digər vəsaitdən formalaşır.