Brüssel görüşündə müzakirə olunan məsələlər bilindi – Naxçıvan…

 

Brüsseldə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin iştirakı ilə keçirilən Azərbaycan və Ermənistan liderlərinin görüşündə müzakirə olunan məsələlər məlum olub.

Globalinfo.az xəbər verir ki, Brüsseldə üçtərəfli görüşdə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, eləcə də sülh müqaviləsinin hazırlanması və bağlanması üzrə danışıqlar prosesi, həmçinin sərhədin delimitasiyası, nəqliyyat kommunikasiyalarının və dəhlizlərinin blokdan çıxarılması məsələləri, xüsusilə, Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəhliz məsələsi müzakirə edilib.

Ermənistanın qanunsuz silahlı birləşmələrinin Azərbaycan ərazisindən çıxarılması, Azərbaycan tərəfinin “Laçın” nəzarət-buraxılış məntəqəsində qaçaqmalçılıq cəhdləri müəyyən etməsi, Azərbaycan Respublikasının suverenliyi və qanunları əsasında Qarabağın erməni əhalisinin daha sonra məskunlaşması məsələləri müzakirə edilən əsas mövzular olub.

Eyni zamanda Qarabağda etnik erməni əhalinin sıx məskunlaşdığı ərazilərə humanitar yüklərin daşınması marşrutunun dəyişdirilməsi, Laçın yolunun Bərdə-Ağdam marşrutu ilə əvəz edilməsi ilə bağlı müzakirə aparılıb.

Görüşdə, həmçinin Qərbi Azərbaycan icmasının problemləri, bölgənin avtoxton əhalisi olan Qərbi azərbaycanlıların öz doğma yurdlarına qayıtması məsələləri gündəmdə olub.