Brüssel görüşü baş tutmadı – Klaarın açıqlamasına inanmaq olar?

Azərbaycan və Ermənistan liderləri oktyabrın sonunda Brüsseldə görüşməyəcək. Bu barədə Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar məlumat verib. Aİ-nin xüsusi nümayəndəsi buna səbəb kimi “vaxtın azlığını” göstərib.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq İlyas Hüseynov deyib ki, Azərbaycan Brüssel görüşündən imtina etməyib:

“Görüşün baş tutmaması ilə bağlı təəssüf ki, yanlış bir təəssürat var. Sanki Azərbaycan görüşdən imtina edib. Amma bu doğru deyil. Rəsmi Bakı bu günə qədər heç bir diplomatik görüşdən imtina etməyib.

Toivo Klaarın da dediyi kimi vaxt azlığı səbəbindən görüş baş tutmayıb. Lakin bu o demək deyil ki, görüş heç baş tutmayacaq. Ola bilər ki, noyabr ayında görüş baş tutsun”.

İlyas Hüseynov

Politoloq deyib ki, son zamanlar Azərbaycan və Ermənistan liderləri arasında görüşlər olmur:

“Burada əsas günahkar Ermənistanın sözdə havadarları olan Fransa və digər Qərb ölkələridir. Onlar faktiki olaraq prosesə müdaxilə edir, sülh razılaşmasına mane olur. Xüsusilə Fransa Ermənistanı silahlandırır və digər Qərb ölkələrini də inandırır ki, Ermənistan təhlükə altındadır və onun silaha, yardıma ehtiyacı var. Məhz rəsmi Parisin bu mövqeyinə görə Azərbaycan Qranada görüşündə iştirak etmədi.

Bişkekdə görüşün baş tutmaması isə tamamilə Ermənistan tərəfinin sərgilədiyi mövqe və Rusiya ilə bir müddətdir davam edən gərginlik ilə bağlıdır.

Hesab edirəm, Qərbin prosesə müdaxiləsi davam edərsə sülh uzana bilər. Lakin bununla belə Bakı təmaslardan imtina etmir və görüşün keçirilməsində liderlərin bir araya gəlməsində maraqlıdır”.

Turan Rzayev
Globalinfo.az