Britaniyadan Talibana çağırış: Vətəndaşlarımızı azad edin!

Üç Britaniya vətəndaşı Əfqanıstanda “Taliban” tərəfindən əsir saxlanılır.

Globalinfo.az Publika.az-a istinadən xəbər verir ki, bu barədə Britaniyanın humanitar problemlərin həllində yardım göstərən “Prezidium Network” qeyri-kommersiya təşkilatı məlumat yayıb.

Qeyd olunur ki, 53 yaşlı həkim Kevin Kornvel və Kabildə humanitar işçilər üçün oteldə işləyən digər Britaniya vətəndaşı yanvarın əvvəlində “Taliban” məxfi polisi tərəfindən həbs edilib.

Həbs olunan üçüncü britaniyalı 23 yaşlı Miles Routledgedir. O, əvvəllər minlərlə “YouTube” abunəçisi qarşısında əylənmək üçün dünyanın ən təhlükəli yerlərinə səyahət etməklə öyünürdü.

Bundan sonra Britaniya Xarici İşlər Nazirliyi hadisə ilə bağlı açıqlama yayıb.

“Biz Əfqanıstanda saxlanılan Britaniya vətəndaşları ilə konsulluq əlaqəsinin təmin edilməsi və ailələrinə köməklik göstərilməsi üçün bütün səyləri göstəririk”, – nazirliyin bəyanatında deyilir.

“Prezidium Network”un nümayəndəsi Scott Riçard “Taliban”ı insidenti anlaşılmazlıq kimi qəbul etməyə və Britaniya vətəndaşlarını azad etməyə çağırıb.

“Taliban” hakimiyyətə gələndən bəri Britaniyanın Əfqanıstanda səfirliyi və konsulluğu yoxdur.