Britaniya nüvə sualtı qayığını sınaqdan keçirir: Ballistik raket buraxacaq

Britaniya nüvə sualtı qayığını sınaqdan keçirmək üçün ballistik raket buraxacaq.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Sun” qəzeti öz mənbələrinə istinadən məlumat dərc edib.

Böyük Britaniya 2016-cı ildən bəri ilk dəfə yenilənən nüvə sualtı gəmisi “HMS Vanguard” vasitəsilə “Trident II D5” ballistik raketini sınaqdan keçirəcək. Məlumata görə, raketin ABŞ-ın şərq sahillərindən təxminən 90 km aralıda döyüş başlığı olmadan buraxılacağı gözlənilir.

Qeyd edək ki, “HMS Vanguard”dan başqa, Böyük Britaniyada 1990-cı illərdə inşa edilən 3 ədəd bu cür nüvə sualtı qayığı var. Hazırda onlardan yalnız ikisi istifadəyə yararlıdır. Böyük Britaniya bu sualtı qayıqları 2030-cu illərin əvvəllərində “Dreadnought” sinifli sualtı qayıqlarla əvəz etməyə başlayacaq.

Əliyar Xəlil,

Globalinfo.az