britaniya

Britaniya Kral Donanmasının hazırda xidmət edən hərbçisi Rusiyaya məxfi məlumat ötürmək üçün informasiya toplamaqda ittiham olunur.

Globalinfo.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Məlumata görə, yüksək səviyyəli məxfi informasiyaya çıxışı olan 24 yaşlı Teddi Yanq cümə axşamı məhkəmə qarşısına çıxarılıb. Yanq 2024-cü ilin noyabrından 2025-ci ilin mayınadək casusluq fəaliyyəti ilə məşğul olub.

O, saxlanılana qədər Kral Donanmasının kəşfiyyat idarəsində çalışıb. Prokurorluğun məhkəməyə təqdim etdiyi materiallara əsasən, Yanq müdafiə və kəşfiyyat sahəsində məxfi sənədlərə çıxış əldə edib, onları köçürüb, qeydə alıb və saxlayıb. Həmçinin onun məxfi məlumatların xarici dövlətə ötürülməsinə hazırlıq xarakteri daşıyan hərəkətlər etdiyi bildirilir.

“Reuters”in məlumatına görə, Yanq əldə etdiyi məlumatları rus dilinə tərcümə edib və onları Moskvaya ötürməyə hazırlaşıb. Bunun üçün o, “darknet” vasitəsilə Rusiya rəsmiləri ilə əlaqə yaratmağa çalışıb və potensial qarşı tərəflə əlaqə qurmağa yönələn mesaj hazırlayıb.

London polisinin antiterror bölməsinin rəhbəri Helen Flanaqan ittihamların son dərəcə ciddi olduğunu bildirib:

“Bunlar hazırda xidmət edən hərbçiyə qarşı irəli sürülən son dərəcə ciddi ittihamlardır. İstintaq davam etdikcə, bu işlə bağlı yaranacaq riskləri azaltmaq üçün Müdafiə Nazirliyinin müvafiq əməliyyat bölmələri ilə sıx əməkdaşlıq edirik”.

Kral Donanmasının nümayəndəsi də hərbçiyə qarşı ittihamların London polisinin antiterror bölməsinin apardığı araşdırmanın nəticəsi olaraq irəli sürüldüyünü açıqlayıb.

Polis həmçinin bildirib ki, Yanqa qarşı irəli sürülən ittihamlar Kral Hərbi Hava Qüvvələrinin Feyrford aviabazasında yaxın günlərdə baş vermiş insidentlə əlaqəli deyil. Həmin hadisədən sonra yeddi nəfər saxlanılıb, daha sonra isə girov müqabilində sərbəst buraxılıb. İnsidentlə bağlı araşdırmanı da polisin antiterror bölməsi aparır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: