er

Hindistanın paytaxtı Yeni Dehlidə keçirilən BRICS xarici işlər nazirlərinin toplantısında İran və Birləşmiş Ərəb Əmirlikləri nümayəndələri arasında gərginlik yaranıb.

Globalinfo.az Teleqraf-a istinadən xəbər verir ki, İranın xarici işlər naziri Abbas Əraqçi BƏƏ-ni ölkəsinə qarşı həyata keçirilən hərbi əməliyyatlarda birbaşa iştirakda ittiham edib.

İran dövlət mediasının məlumatına görə, Əraqçi çıxışı zamanı BRICS daxilində birliyin qorunması naminə BƏƏ-nin adını çəkmədiyini, lakin həqiqətdə Əmirliklərin İrana qarşı hücumlarda iştirak etdiyini bildirib.

“İrana qarşı hücumlar başlayanda onlar bunu belə pisləmədilər”, – Abbas Əraqçi qeyd edib.

İranlı nazir həmçinin bildirib ki, ABŞ hərbi bazaları və İsraillə ittifaq BƏƏ-yə təhlükəsizlik təmin etmir və Əmirliklər Tehranla bağlı siyasətini yenidən nəzərdən keçirməlidir.

“Biz sülh içində yanaşı yaşamalıyıq və bunun üçün iki ölkə arasında tam anlaşma lazımdır”, – o vurğulayıb.

Məlumata görə, İran mediası BRICS toplantısının yekun bəyannaməsinin qəbulunun da sual altında qaldığını yazıb. İran xarici işlər nazirinin müavini Kazem Qəribabadinin sözlərinə görə, BƏƏ-nin mövqeyi səbəbindən danışıqlarda problemlər yaranıb.

Qeyd edək ki, daha əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu İranla müharibə dövründə BƏƏ-yə səfər etdiyini açıqlamış, Əmirliklər isə bu məlumatı təkzib etmişdi.

Paylaş: