Böyük şahmat taxtası: Ərdoğan tarixi gedişini etdi – Sıra Qərbdədir

Türkiyə və ABŞ prezidentləri ikitərəfli və regional münasibətlərin ətraflı müzakirəsi üçün NATO-nun Vilnüs sammiti çərçivəsində görüşmək barədə razılığa gəliblər.

Hazırda tərəflər arasında müzakirəyə ehtiyac duyulan bir çox məsələ var. Bununla belə, görüş zamanı liderlərin gündəliyində 3 əsas mövzu olacaq:

İsveçin NATO-ya üzvlüyü

Ankara Stokholmun alyansa üzvlüyünə razı deyil. Belə ki, PKK, PYD, YPG kimi terror təşkilatlarının liderlərinin üzvləri bu gün İsveçdə sığınacaq alır, yaşayır və azad şəkildə Ankaranın əleyhinə fəaliyyət göstərir. Türkiyə də öz növbəsində həm bu səbəblər, həm də son illərdə Quranın yandırılmasını əsas gətirərək İsveçin NATO-ya üzv olmasına qarşı çıxır.

Lakin aydın məsələdir ki, Ankaranın istəyi daha böyükdür. Misal üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib ki, Türkiyənin Avropa Birliyinə gedən yolunu açmaq lazımdır.

Ankaranın yekun tələbi Türkiyənin Avropa İttifaqına üzv kimi qəbul edilməsidir. Prinsip etibarilə bu, haqlı və yerində tələbdir. Türkiyə illərdir müxtəlif bəhanələrlə ittifaqa üzv edilmir. İndi də İsveçin NATO-ya üzvlüyünə qarşı Türkiyənin Avropa İttifaqına üzvlüyü istənilir.

Bu baxımdan, Bayden və Ərdoğan arasında Vilnüsdə keçiriləcək görüş zamanı əsas müzakirə ediləcək məsələlərdən biri bu ola bilər. Bununla belə, Qərb çətin ki, Ankaranın bu təklifini qəbul etsin. Ümumiyyətlə, Qərb Türkiyəni Avropanın bir parçası olaraq görmür. Lakin Vaşinqton Türkiyənin Avropa İttifaqına üzv qəbul edilməsindənsə Türk Dövlətlər Təşkilatının güclənməsi və Ankaranın öz alyansını yaratması istiqamətində daha cəzbedici təkliflər edə bilər.

F-16-ların tədarükü

F-16-ların tədarükü hazırda Vaşinqton və Ankara arasında başlıca mübahisə mövzusudur. Prinsip etibarilə Bayden administrasiyası qırıcıların tədarükünü gerçəkləşdirməkdə maraqlıdır. Buna mane olan əsas qüvvə senator Robert Menendez və onunla eyni fikirdə olan bir sıra senatorlardır.

Nyu-Cersi ştatından olan senator Robert Menendez ermənipərəst çıxışları ilə və korrupsiya qalmaqalı ilə tanınır. Vilnüs görüşü öncəsi ABŞ Dövlət Departamenti Türkiyəyə F-16 qırıcılarının tədarükünə mane olmamağa inandırmaq üçün senator Robert Menendezlə danışıqlar aparır. Menendezin fikrinə təsir etmək məqsədilə hətta ABŞ-ın Manhetten Federal Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) onun və erməni əsilli arvadı Nadine Arslanyanın “IS EG Halal” ət şirkətindən lüks avtomobil və Vaşinqtonda mənzil hədiyyə almaları barədə məsələni araşdırır.
Vilnüs görüşü zamanı Bayden və Ərdoğan arasında F-16-ların tədarükünə dair razılığın əldə edilməsi mümkündür.

“Taxıl sazişi”

Liderlərin görüşü zamanı müzakirə edilməsi ehtimal mövzulardan biri də “Taxıl sazişi”nin uzadılmasıdır. Məlum olduğu kimi, hazırkı saziş ötən il iyulun 22-də İstanbulda Türkiyənin vasitəçiliyi ilə imzalanıb. Bayden Vilnüs görüşündə Ərdoğandan sazişin uzadılmasını və Rusiyanın sazişdən çıxmasına mane olmasını istəyə bilər.

Hesab edirəm, sazişin Türkiyənin vasitəçiliyi ilə uzadılması mümkündür. Lakin Ərdoğan da Kremlin tələblərini Vaşinqtonun diqqətinə çatdıracaq. Putin sazişin qarşılıqsız uzadılmasına getməyəcək.

Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı